Sentyabrın 3-də - “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının onuncu günündə 84 ölkənin idmançıları medal qazanıblar.
Teleqraf.com-un məlumatına görə, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 85 qızıl, 53 gümüş və 46 bürünc medal qazanıblar. İkinci pillədə 37 qızıl, 34 gümüş və 40 bürünc medalla Böyük Britaniya təmsilçiləri, üçüncü yerdə isə 34 qızıl, 34 gümüş və 24 bürünc medalla ABŞ atletləri qərarlaşıblar.
Rusiya Paralimpiya Komitəsi 34 qızıl, 29 gümüş, 44 bürünc medalla dördüncü, Ukrayna 24 qızıl, 44 gümüş, 26 bürünc mükafatla beşinci, Niderland isə 23 qızıl, 15 gümüş və 16 bürünc medalla altıncıdır. Digər pillələrdə Braziliya (21-14-26), Avstraliya (18-27-27) və İtaliya (13-27-25) qərarlaşıblar. Azərbaycan isə 12 qızıl, 1 gümüş və 4 bürünc medalla onuncu pillədə yer alıb.
Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.
Yüz metr məsafəyə arxası üstə, sərbəst və batterfly üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.