Azərbaycanda beynəlxalq yarışlara bu gün batut gimnastikası üzrə Dünya Kuboku ilə start veriləcək.
Teleqraf.com xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir.
Onlar Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü təsnifat mərhələsi, ertəsi gün kişilər arasında ikinci təsnifat, həmçinin kişi və qadınlar arasında final mərhələləri keçiriləcək.
Azərbaycanı yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.
Tanınmış batutçulardan isə Belarus təmsilçiləri, Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi, ikiqat Avropa çempionu, Avropa Oyunlarının qalibi, dünya çempionu Vladislav Qonçarov, Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi İvan Litvinoviç, 5 qat dünya və 5 qat Avropa çempionu Oleq Ryabtsov, Rusiya təmsilçisi, 2021-ci dünya çempionatının gümüş mükafatçısı və Avropa çempionu Yana Lebedeva, İsveç təmsilçisi, üç qat dünya və Avropa çempionu Lina Syoberq, Avstriya təmsilçisi, yeniyetmələr arasında Olimpiya Oyunlarının bürünc mükafatçısı Benni Vizani, Gürcüstan təmsilçisi, Avropa Oyunlarının gümüş mükafatçısı Lyuba Qolovina Dünya Kubokunda mübarizə aparacaq.
Yarış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi ilə ölkədə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, yeni olimpiya tsiklində batut gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların miqyası və iştirakçı sayından asılı olaraq, ikinci təsnifatda müvafiq olaraq 16 və ya 24 iştirakçı olur. Qeyd edək ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə Dünya Kuboku Bakıda artıq beşinci dəfədir ki, təşkil olunur.