Martın 7-dən 13-dək Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı keçirilib. Geridə qoyduğumuz həftə güləşçilərimiz üçün tarixi uğurla əlamətdar olub. Hər 3 güləş növü üzrə millilərimiz ümidləri doğruldublar.
Teleqraf.com Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, məsul yarışa cəmi 6 idmançı ilə qatılan yunan-Roma güləşi üzrə yığmamızın 5 üzvü fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar. Millimiz 102 xalla komanda hesabında Avropa üçüncüsü olub.
Qadınlardan ibarət komandamız da qitə birinciliyində 6 idmançı ilə təmsil olunub. Onlardan 4-ü Vətənə medalla qayıdıb. Jalə Əliyeva (62 kq) Avropa çempionu adına yiyələnib. Elnurə Məmmədova (55 kq) ikinci, Gültəkin Şirinova (53 kq) və Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazanıblar. Yığmamız 93 xalla komanda hesabında ilk “5-liy”i qapayıb.
Plovdivə 9 idmançı ilə yollanan sərbəst güləş üzrə millimizin 7 üzvü uğurlu çıxışı ilə yadda qalıb. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gəldisə, Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Yığmamız komanda hesabında Avropa çempionu olub.
Beləliklə, güləşçilərimiz Bolqarıstanda ümumilikdə 16 (7 qızıl, 2 gümüş, 7 bürünc) medal qazanıblar. Bu nəticə həm medalların sayına, həm də əyarına görə U-23 Avropa çempionatları tarixində Azərbaycan güləşində rekord göstəricidir. Daha bir ilk isə ümumi nəticə ilə bağlıdır. Belə ki, Plovdivdə 7 qızıl, 2 gümüş və 7 bürünc medal əldə edən Azərbaycan ölkələrin ümumi sıralamasında birinci yeri tutdu. Gürcüstan (6-5-4) ikinci, Türkiyə (4-4-12) isə üçüncü olub. Ölkəmiz Bolqarıstanda 30 mümkün çəki dərəcəsindən cəmi 21-də təmsil olunub.