Azərbaycan Premyer Liqasında IV turun "Səbail" - "Kəpəz" oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Mahmud Qurbanov və qonaq komandanın futbolçusu Rauf Əliyev arasında münaqişə baş verib.
Teleqraf.com-un məlumatına görə, əlbəyaxa dava həddinə çatan olaya polislər müdaxilə etməli olub. Tərəfləri çətinliklə ayırmaq mümkün olub. Oyunun 69-cu dəqiqəsində isə baş hakim Tural Qurbanov 33 yaşlı hücumçunun təhqirə yol verdiyini bildirərək, onu meydandan qovub.
Görüşün ardından təşkil olunan mətbuat konfransında Qurbanov Əliyevin davranışını anlayışla qarşıladığını bildirib: "Əslində Raufu başa düşmək olar. Çünki komandası uduzub, özü isə qırmızı vərəqə alıb. O, hələ işin nə yerdə olduğunu bilmir. Digər tərəfdən, Əliyev mövsümlərarası fasilə müddətində çox istəyirdi ki, "Səbail"də qalsın. Lakin mən onun qalmamasını qərara aldım. Çox güman ki, bundan incik düşüb, işin içini bilməyə-bilməyə nə isə artıq-əksik danışmaq istəyir. Eybi yox".
51 yaşlı mütəxəssis futbolçu ilə aralarında əlbəyaxa davanın baş vermədiyini iddia edib: "Xeyr, orada heç nə yox idi. Bir anlaşılmazlıq olmuşdu. Polisin naryad çağırma səbəbini bilmirəm. Heç bir davamız da yox idi".
"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə isə futbolçusunun hərəkətindən xəbərsiz olduğunu söyləyib: "Harada? Rauf? Mən görmədim. Deyirsiz, mən də sizdən eşidirəm. Paltardəyişmə otağında da belə bir şey görmədim. Oyun bitdi, uduzduq. Rəqib komandanı təbrik edirəm. Mahmud Qurbanov da bizim həmkarımızdır, Azərbaycanın tanınmış futbolçusu olub, hazırda gənc baş məşqçilərimizdəndir. Siz dediniz, mən də araşdıraram. Oyundan sonra belə halların baş verməsi xoşagəlməzdir. Özündən böyüyə qarşı hansısa hərəkət edibsə, ona yaraşdırmıram".
Qeyd edək ki, oyun "Səbail"in qələbəsi ilə başa çatıb - 4:1.