"Qarabağ" Azərbaycan Premyer Liqasında 3 rekorda imza atıb.
Teleqraf.com xəbər verir ki, "köhlən atlar" buna "Kəpəz"i 3:1 hesabı ilə məğlub etdikləri XIII tur oyununda nail olub.
Bir matçı təxirə salınan Ağdam təmsilçisi xal itirmədən irəliləyir. Bu, Azərbaycan çempionatları tarixinin startdakı ən uğurlu seriyasının təkrarıdır. “Qarabağ” “Neftçi”nin 30 il əvvəl imza atdığı rekordu təkrarlayıb. Paytaxt klubu 1992-ci ildə keçirilən ilk ölkə çempionatına ardıcıl 12 qələbə ilə başlayıb və yalınız 13-cü qarşılaşmasında bunu bacarmayıb. Ağdamlılar təkrarladığı 30 illik rekordu noyabrın 9-da yeniləyə bilər. Bunun üçün komanda təxirə salınan görüşdə “Turan Tovuz”a qalib gəlməlidir.
Bu, ötən mövsümü ardıcıl üç qələbə ilə tamamlayan ölkə çempionunun ardıcıl 15-ci qalibiyyəti olub. Bölgə təmsilçisi sonuncu dəfə ötən mövsümün XXV turunda xal itirib. Bu il mayın 5-də “Zirə” ilə qolsuz heç-heçədən sonra baş tutan bütün matçlarda üç xal qazanan Ağdam klubu öz tarixinin rekordunu təkrarlayıb. Komanda 2019-cu ildə də ardıcıl 15 dəfə qalib gəlib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda bununla da məğlubiyyətsizlik seriyasını 32-yə çatdırıb. 2021-ci il oktyabrın 25-də səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan "köhlən atlar" ötən mövsümün son 20 matçında məğlub olmayıb. Bu görüşlərdə ağdamlılar 16 qələbə qazanıb və 4 heç-heçə edib. Cari çempionata 12 qələbə ilə başlayan “Qarabağ” üçün “Kəpəz”lə qarşılaşma məğlubiyyətsiz 32-ci görüş olub. Bununla da Ağdam klubu Azərbaycan çempionatlarının mütləq rekorduna imza atıb. 2018-19-cu illərdə ardıcıl 31 oyunda uduzmayan bölgə təmsilçisi üç ildən sonra özünün sahibi olduğu rekordu yeniləyib.