“Neftçi”nin gənc qapıçısı Emil Balayevin "Ayntraxt"a keçidi rəsmiləşib.
Publika.az xəbər verir ki, Azərbaycan yığmasının üçüncü qapıçısı Frankfurt klubuyla 1,5 illik müqavilə imzalayıb. Tərəflərin əməkdaşlığı uğurlu olsa, anlaşmanın müddəti daha iki il artırıla bilər. Beləliklə, Emili Bundesliqada Azərbaycanı təmsil edən ilk futbolçu saymaq olar.
Almaniyanın məşhur nəşrlərindən sayılan “Kikker” Emilin transferindən yazıb. Həmkarlarımız qapıçımızı tərifləyib. Balayevin mətbuat konfransındakı fikirlərinə də yer verən almanlar 20 yaşlı qolkiperin Bundesliqada özünü sübut edəcək səviyyədə olduğunu qeyd edib. Ən diqqətçəkəni isə “Şaaf “Ayntraxt”ın qapısını etibarlı əllərə təhvil verir” sərlövhəlisi olub.
Emilin “Ayntraxt”da da üçüncü qapıçı olacağı gözlənilir. Amma onun Bundesliqada debütü tezliklə baş tuta bilər. Məsələ burasındadı ki, Frankfurt klubunun əsas qapıçısı Kevin Trapp zədəsini sağaltmaqla məşğuldu. Bu azmış kimi onun əvəzedicisi Feliks Vidvald da zədəlidi. 35 yaşlı Timo Hildebrandın ümidinə qalan baş məşqçi Tomas Şaaf qarşıdakı oyunlarda həmyerlimizə şans verə bilər. Həm də Hildebrandın yanvarda ABŞ-a getmək variant var.