5 Yanvar 2015 12:47
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 2015-ci ildəyik. Bayram ab-havasından çıxmaq çətin olsa da, həyat davam edir. Qarşıda bizi nələrin gözlədiyinə birlikdə göz ataq.

Publika.az 2015-ci ildə futbol dünyasını gözləyən ən mühüm hadisələrin xronologiyasını təqdim edir.

Yanvar

12 yanvar: Milli komandaların baş məşqçi və kapitanlarının səsverməsi nəticəsinə əsasən “Qızıl top” mükafatı sahibinə təqdim olunacaq.

Qalib artıq müəyyənləşib, amma adı hələ gizli saxlanılır. Mükafatı qazanmağa real namizəd Kriştiano Ronaldo göstərilir. O, karyerasında üçüncü dəfə ən nüfuzlu fərdi mükafata sahib çıxa bilər. 4 dəfə sözügedən titula layiq görülən Lionel Messinin də şansı az deyil. Üçüncü namizəd isə “Bavariya”nın və Almaniya millisinin qapıçısı, dünya çempionu Manuel Noyerdi.

17 yanvar - 8 fevral: Ekvatorial Qvineyada Afrika Millətlər Kuboku keçiriləcək.

2014-cü ildə Afrika qitəsini cənginə alan Ebola virusu az qala turnirin keçirilməsinə maneə yaradacaqdı. Mərakeşin turniri təşkil etməkdən boyun qaçırması uzun müddət müzakirələrə səbəb oldu. Sonda üç il əvvəl Qabonla birlikdə AMK-ya ev sahibliyi edən Ekvatorial Qvineya bu yükü üzərinə götürməyə razı oldu.

Fevral

19 fevral, 26 fevral: Avropa Liqasının 1/16 final mərhələsinin oyunları.

Avroliqada pley-off mərhələsi start götürəcək. Əlbəttə, həmin vaxt yenə köhnə yaramız sızıldayacaq. Çox istərdik ki, indi “Qarabağ”ın hansı komandayla qarşılaşacağından yazaq. Amma...

May

23 may: Bordoda AÇ-2016 üçün tikilən stadionun açılışı

Fransada təşkil olunacaq milli komandaların turnirindən təxminən 1 il əvvəl “Stad de Bordo”nun açılış mərasimi olacaq. Bu arenada Avropa çempionatının beş oyunu keçiriləcək.

27 may: Varşavada Avroliqanın final matçı oynanılacaq

Polşa ilk dəfə belə mötəbər yarışı qəbul edəcək. Qrup mərhələsini uğurla

adlayan “Legiya”nın da evində - Varşavada düzənlənəcək final matçında oynamaq şansı qalır.

İyun

6 iyun: Berlində Çempionlar Liqasının final matçı oynanılacaq

9 il əvvəl İtaliya və Fransa milliləri arasında dünya çempionatının final oyununa şahidlik edən stadionda bu il Avropanın ən güclü klubunun adı müəyyənləşəcək. 21-ci əsrdə üçüncü dəfə ÇL-in qalibi Almaniyada bəlli olacaq. Bundan əvvəl Helzenkirhen (2004) və Münhen (2012) qitənin ən nüfuzlu klub turnirinin final matçına ev sahibliyi edib.

İyun: AÇ-2016-nın final mərhələsinə bilet satışı başlanacaq

AÇ-2016-ya bilet satışına turnirin startına 1 il qalmış başlanacaq. 2015-ci ilin iyunundan başlayaraq, dünyanın hər yerindən azarkeşlər Fransada düzənlənəcək qitə birinciliyinin oyunlarında iştirak etmək üçün müraciət edə bilərlər.

11 iyun - 4 iyul: Çilidə Amerika kuboku keçiriləcək

7-ci Cənubi Amerika kuboku Çilidə keçiriləcək. 4 ildən bir keçirilən bu turnirə Avropada da böyük maraq var. Bu turnirdə adətən gələcəkdə Avropaya ayaq açan istedadları görmək olur. Onların bəziləri isə bir müddətdən sonra dünya ulduzuna çevrilir.

İyul

25 iyul: DÇ-2018-in seçmə mərhələsinin püşkü atılacaq

İyul ayının son şənbə günündə Sankt-Peterburqda 2018-ci ildə Rusiyada düzənlənəcək dünya çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Milli komandalar bir il əvvəldən seçmə mərhələdəki rəqiblərini tanıyacaq.

Avqust və sentyabr

Yayın son ayında futbolsevərlər adətən yenilənmiş top-klubların mövsümdəki ilk oyunlarını izləyir. Avrokuboklar da məhz həmin dövrdə start götürür.

Oktyabr

8-13 oktyabr: AÇ-2016-nın qrup mərhələsinin son oyunları keçiriləcək

Məhz həmin vaxt (əvvəldən də ola bilər) Fransaya yollanacaq milli komandaların adları məlum olacaq.

Noyabr

12-14 noyabr, 15-17 noyabr: AÇ-2016-nın seçmə mərhələsinin pley-off oyunları

Əsəblər gəriləcək, intriqa son həddə çatacaq, hətta sensasiya da gerçəkləşə bilər. İstənilən böyük turnirin pley-off mərhələsi maraqla gözlənilir. Amma bu dəfə fərqli ola bilər. Reqlamentdəki dəyişikliyə əsasən Avropa çempionatının final mərhələsində iştirakçı komandaların sayı artırıldığından yəqin ki, pley-offa nəhənglər qalmayacaq. Amma elə bu səbəbdən də sonluğun maraqlı olacağını gözləməyə dəyər.

Dekabr

12 dekabr: AÇ-2016-nın final mərhələsinin püşkü atılacaq

2015-ci ilə nöqtə qoyan ən böyük futbol hadisəsi AÇ-2016-nın final mərhələsinin püşkatması olacaq. Mərasim Fransanın paytaxtı Parisdə baş tutacaq.


Müəllif: