21 Oktyabr 2023 23:44
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Feyr Pley Komitəsinin (CİFP) bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirildiyi tədbirdə iştirak edib.

Teleqraf.com xəbər verir ki, baş məşqçi tədbir çərçivəsində Beynəlxalq Feyr-pley mükafatını alıb.

Mükafat Qurbanova karyerası ərzində daim “ədalətli oyun” prinsiplərinə sədaqətinə görə verilib.

Qeyd edək ki, bu, dünyanın ən nüfuzlu mükafatlarından hesab olunur. Q. Qurbanov bu mükafata layiq görülən ilk azərbaycanlıdır.

Xatırladaq ki, “Jean Borotra World Fair Play Career” mükafatını 2022-ci ilin yekunlarına əsasən, dünyada Qurban Qurbanovla birgə cəmi 4 nəfər - amerikalı Katrin Svitzer, italiyalı Marco Kalamay və macar Antal Dunay qazanıb.

Ötən il Qurbanov UEFA Konfrans Liqasının “Qarabağ” – “Marsel” oyununda İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirməsi ilə yadda qalmışdı. O, karyerası ərzində daha bir neçə dəfə ədalətli oyun jestləri ilə seçilib. O cümlədən, 2015/16 futbol mövsümündə “Qarabağ”ın Azərbaycan çempionatının 7-ci turunda "İnter"lə oyununda hakimin rəqib qapısına təyin etdiyi yanlış penalti zərbəsini Elvin Məmmədova qola çevriməməyi, 2018-ci ildə isə Antalyada “Kuban”la matçda hakimin "Qarabağ"ın lehinə verdiyi daha bir səhv penaltini Mahir Emreliye qapının yanından vurmağı tapşırıb.

Bütün bunlar Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında Beynəlxalq Feyr Pley Komitəsinə göndərilib.

AİJA Qurbanovu 2022-ci ildə dünyanın ən ali iki feyr pley mükafatına - bir jest üçün nəzərdə tutulan “Pierre de Coubertin World Trophy” və karyerası ərzində daim ədalətli oyun prinsiplərinə sədaqətinə görə verilən “Jean Borotra World Fair Play Career” namizədliyini irəli sürmüşdü.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər