Təbii ki, qızıl istəyirdim, amma nəticənin yaxşı olduğunu düşünürəm.
Teleqraf.com xəbər verir ki, bunu "Paris-2024" Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama mərasimində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əldə etdiyi uğur ölkəmizdə taekvondonun inkişafında böyük rol oynayacaq: "Medal qazanmaq üçün biz çox böyük iş görürük. Bütün dövr, bütün dörd il, çox çalışırıq. Düşünürəm ki, medalımdan sonra taekvondoya daha çox adam maraq göstərəcək və gələcəkdə bu idman daha da inkişaf edəcək. Təbii ki, nəticə olanda federasiya daha da yaxşı işləməyə başlayır".
Maqomedov idmanın həyatında mühüm rol oynadığını da xüsusi vurğulayıb: "Həyatımda bu qədər tər, bu qədər qan, əsəb xərclənib. Bütün bu işlər öz bəhrəsini verdi. Bu qədər ildən sonra Olimpiadada gümüş medal zarafat deyil. Final döyüşündə qalib gəlməyə çalışdım. Təəssüf ki, zədələndim. Çalışdım, düşündüm ki, keçəcək. Zədəni dondurdular. Onu birtəhər reabilitasiya etməyə çalışdılar, lakin ağrılar özünü hiss etdirirdi. Sinir tutuldu, əzələ qırıldı, buna görə də daha alınmadı".
Olimpiya mükafatçısı sonda onu dəstəkləyən hər kəsə təşəkkür edib: "On ilə yaxındır ki, Azərbaycandayam. On ildən sonra isə nəticə var. Azərbaycan bayrağını qaldırdığım üçün fəxr edirəm"