1 May 2015 18:35
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqası Avropanın ən nüfuzlu klub turniri sayılır. UEFA müxtəlif variantlara əl atsa da, ÇL-in kölgəsində qalan Avropa Liqasına marağı artıra bilmir. Hələ də çıxış yolları axtarılır.

Publika.az xəbər verir ki, ESPN media şirkəti bu mənada qitə futbol qurumuna maraqlı təkliflər göndərib.

3 bənddən ibarət təklifin birinci hissəsi oyunların tarixi ilə bağlıdı. Avropa Liqası matçlarının cümə axşamı deyil, 2 gün əvvəl baş tutması təklif olunur. Bu da onunla izah edilir ki, ardıcıl 2 gün Çempionlar Liqası həyəcanı yaşayan azarkeşlər üçün ardınca nisbətən zəif turnirin matçlarına baxmaq maraqlı olmur. Amma çərşənbə axşamı Avropa Liqası, çərşənbə və cümə axşamında Çempionlar Liqasının keçirilməsi bu marağın 3 gün davam etməsinə səbəb ola bilər.

Təklifin 2-ci hissəsində qitənin ən nüfuzlu klub turnirinin qrupunda 3-cü olanların Avropa Liqasına “transfer” olunması əksini tapıb. Avropalılar bu 8 komandanın 1/16, 1/8 və 1/4 finalda öz aralarında oynaması, yarımfinala isə yalnız birinin çıxmasını düzgün hesab edir. Belə olsa, digər komandaların yarımfinala çıxmaq şansları artır, yarışa maraq da müsbət istiqamətdə dəyişir.

Sonuncu bənd isə qrup mərhələsi zamanı komandaların regionlar üzrə qruplar təşkil etməsidi. Bu da klubları yorucu səfərlərdən qurtaracaq. Cari mövsüm Azərbaycan çempionu “Qarabağ”la eyni qrupda yer alan Fransa təmsilçisi “Sent-Etyen” nümunəsi önə çəkilir. Bu komanda Azərbaycan, Ukrayna və İtaliyaya səfərlərə çıxmalı olub.


Həmkarlarımız son mövsümün qrup mərhələsində çıxış edən 48 klubu da 4 zona üzrə bölüb. Belə olan halda hər regiona 3 qrup veriləcək. Hətta Ağdam klubu Cənub-şərq regionuna daxil edilib. Burada Kipr, Yunanıstan, Türkiyə, Serbiya, Rumıniya, İsveçrə, Avstriya da təmsil olunub. Digər klublar da coğrafi yerinə əsasən Cənub-Qərb, Şimal-Qərb və Şimal-Şərq zonalarında 12-lik təşkil etməlidi.


Müəllif:

Oxşar xəbərlər