Mövsümü kuboksuz başa vuran "Real"da tətil başlayıb. La Liqanın son turunda "Hetafe"yə 7:3 hesabı ilə qalib gələn Madrid klubunun əksər futbolçuları 49 günlük istirahətə çıxıblar.
Teleqraf.com xəbər verir ki, Benzema, Modriç, Pepe, Jesse, İlyaramendi, Lukas Silva, Naço, Arbeloa və Paçeko "Real"ın yenidən toplanacağı 12 iyul tarixinə qədər milli komandaları da daxil olmaqla heç bir rəsmi matçda iştirak etməyəcəklər.
Milli oyunları ilə əlaqdar olaraq bəzi futbolçuların tətili bir az qısa olacaq. Kriştiano Ronaldo, Koentrao, Ramos, İsko, Karvahal, Kroos və Beyl 39, Varan isə 35 gün istirahət edəcək.
"Real"ın elə futbolçuları da var ki, onların tətili cəmi bir həftə olacaq. Qapıçı Keylor Navas Kosta Rika millisinin heyətində "CONCACAF Gold Cup"da çıxış edəcək. Xames Rodriqes və Marselo isə Çilidə təşkil olunacaq "Copa America"da tər tökəcək.
Rüstəm