Azərbaycan Premyer Liqasının 3-cü turu “Rəvan”ın futbolçusu Cəmşid Məhərrəmov üçün əlamətdar olub.
Publika.az xəbər verir ki, təcrübəli müdafiəçi Azərbaycan çempionatında yubiley – 250-ci matçına çıxıb. Cari mövsümədək Premyer Liqada 248 qarşılaşmaya çıxan Məhərrəmov ilk turu buraxsa da, növbəti iki matçda komandasına kömək etməklə 250-yə çatıb.
Yubileyini “Xəzər Lənkəran”la səfər matçında qeyd edən 32 yaşlı futbolçu güclülər dəstəsində 12 il əvvəl MOİK-in heyətində debüt edib. Karyerası ərzində “Karvan”, “Bakı”, “Kəpəz” və “Rəvan”da da oynayan Məhərrəmov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 44-cü futbolçu olub. Müdafiəçi bu görüşlərdə 3 qol vurub.
3-cü tur daha bir yubileylə yadda qalıb. Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Əfran İsmayılov ölkə çempionatında 150-ci matçına çıxıb. AZAL-la səfər qarşılaşmasında 150-yə çatan futbolçu Premyer Liqada 2006/07 mövsümündə debüt edib. Həmin vaxt da “Qarabağ”ın formasını geyinən İsmayılov karyerası ərzində “Turan”, “Bakı”, “Xəzər Lənkəran” və “İnter”in də şərəfini qoruyub. Əfran Premyer Liqada 150 oyuna 27 qol vurub.
Qeyd edək ki, oyun sayında mütləq rekord Mahmud Qurbanova məxsusdur – 421 matç.