26 Oktyabr 2015 21:35
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Stadionun vəziyyətinin bərbad olmasına baxmayaraq, maraqlı oyun alındı. Hər iki komanda qələbəyə istəkli idi. "Sumqayıt" əlinə düşən fürsətdən maksimum yararlandı və layiqli qələbə qazandı. Gözəl oyuna görə onları təbrik edirəm".

Bu sözləri "Qarabağ"ın futbolçusu Əfran İsmayılov Premyer Liqamızın 9-cu turunda "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Ə.İsmayılov komandasının "Monako" və "Sumqayıt" məğlubiyyətlərindən nəticə çıxarmalı olduğunu bildirib: "Qələbə" qazanmaq üçün əlimizdən gələni etdik. Lakin alınmadı. Hər oyunda qələbə qazanmalıyıq deyə bir şey yoxdur. Çempionatda belə matçlar olacaq. Əsas odur ki, qarşıdan gələn oyunlara yaxşı hazırlaşıb, qələbə qazanaq. "Monako" ilə oyunun yorğunluğu və əsas heyət futbolçularının çoxunun olmamasının oyunumuza təsir etdiyini düşünmürəm. Deməzdim ki, komandada yorğunluq var.

Heyətimiz genişdir və bəzi matçlarda fərqli heyətlə oynayırıq. Bu futboldur və belə şeylər olur. Əsas heyət futbolçularına gəldikdə isə Avroliqa oyunundan sonra çox vaxt baş məşqçimiz həmin görüşdə meydana çıxan futbolçulara istirahət verir. Bu, ilk belə hal deyil. Ona görə də futbolçular arasında anlaşılmazlığın olduğunu deyə bilmərik. Əsas məsələ bundan dərs almağımızdır. Çempionluq uğrunda əsas rəqiblərimizdən olan "Qəbələ" də doğma meydanda xal itirdi. Özünüz də görürsünüz ki, artıq futbol oynamaq çətinləşir. Ona görə də hər oyuna ciddi hazırlaşmaq lazımdır. Həm "Monako", həm də "Sumqayıt"la görüşlərdə 1 səhvimizdən qol buraxdıq. Bundan nəticə çıxarmalıyıq".


Müəllif:

Oxşar xəbərlər