Oktyabrın 27-də Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin ölkəmizdə işgüzar səfərdə olan bir qrupu Azərbaycan Mətbuat Şurasında (MŞ) olub. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu qonaqlara şuranın strukturu və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Umud Rəhimoğlu bildirib ki, 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında yaradılan Mətbuat Şurasının əsas missiyası media-hakimiyyət, media-ictimaiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir. Bu xüsusda müxtəlif vəzifəli, peşəli insanların, dövlət qurumlarının və ictimai təşkilatların təmsilçilərinin media ilə əlaqədar müraciətləri araşdırılır. Hər il yüzlərlə şikayət həllini tapır ki, nəticədə jurnalistlərin məhkəmə prosesləri ilə üzləşmələri halları minimuma enir.
Sədr müavini Mətbuat Şurasının geniş beynəlxalq əlaqələrindən, bir sıra mötəbər tədbirlərə ev sahibliyindən söhbət açarkən qurumun postsovet məkanında model kimi qəbuluna da diqqəti çəkib. O, Şuranın tədbirlər planında seçkilərin işıqlandırılmasında KİV-lərinin fəal iştirakı məsələlərinə də önəm verildiyini vurğulayıb. Bu mövzudakı toplantıların fəal diskussiyalar şəraitində, əməli təkliflərin irəli sürülməsi ilə yadda qaldığını deyib.
Sonra qonaqların medianın parlament seçkilərini işıqlandırmasına yaradılan şəraitlə bağlı sualları cavablandırılıb. Görüşdə həmçinin KİV-lərimizin maddi-texniki bazasının inkişafı, jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması, Mətbuat Şurasının fəaliyyətinin spesifik tərəfləri ətrafında da müzakirələr gedib.
Naibə QURBANOVA