29 Sentyabr 2016 18:42
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi (NQÇİ) cari ilin sentyabr ayından etibarən son illərin ən yüksək hasilat göstəricinə nail olub.

SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, NQÇİ-də 2010-cu ildə gündəlik neft hasilatı 2 478 ton, 2011-ci ildə 2 537 ton, 2012-ci ildə 2 539 ton, 2013-cü ildə 2 526 ton, 2014-cü ildə 2 575 ton, 2015-ci ildə isə 2 579 ton təşkil edib.

Bu ilin sentyabrın sonundan etibarən sutkalıq neft hasilatı 2 800 tona çatdırılıb. 2010-cu ildə illik neft hasilatı 600 443 ton olduğu halda, 2016-cı ilin 8 ayında bu göstərici 657 721 ton təşkil edib.

Hasilatın artmasına təsir etmiş başlıca amillərdən biri quyu fondunun yenilənməsi, davamlı olaraq yeni quyuların qazılaraq istismara verilməsi olub.

Belə ki, 2011-ci ildə qazmadan 17 quyu, 2012-ci ildə 9 quyu, 2013-cü ildə 10 quyu, 2014-cü ildə 18 quyu və 2015-ci ildə 18 quyu istismara daxil edilmişdirsə, təkcə bu ilin 8 ayında 14 quyu qazılaraq mədənçilərə təhvil verilib, onlardan 23 009 ton neft alınıb. İdarənin balansındakı quyu fondu üzərində aparılan texniki və geoloji tədbirlər də hasilatın artımına təsir edib, müsbət nəticələr alınıb. İdarədə yeni texnika və texnologiyanın tətbiqinə də geniş yer verilir. Bu ilin 8 ayında 25 quyuda quyudibi zona turşu ilə işlənilib, 60 quyuda tıxac təmizləyən qurğu, 2 quyuda isə Padus-2 parafin kəsici qurğu tətbiq olunub, nəticədə əlavə 1 193 ton neft alınıb.

Hazırda NQÇİ-nin istismar quyu fondu 470-dir. Onlardan 442-si fəaliyyətdə olan quyu fonduna, 27-si fəaliyyətsiz fonda daxildir, 1 quyu isə mənimsəmədədir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər