oktyabrın 4-də “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində muxtar respublikada toxumçuluq təsərrüfatlarının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr barədə səyyari müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: "Muxtar respublika kənd təsərrüfatı rayonudur. Ona görə də bu sahədə işlər düzgün qurulmalı, mütərəqqi metodlardan istifadə olunmalı, əkin sahələrində aqrotexniki tədbirlər həyata keçirilməli, maarifləndirmə işi aparılmalıdır. Muxtar respublikada aid dövlət qurumlarının və təcrübə-sınaq sahələrinin fəaliyyət göstərməsi, mütəxəssislərin olması bu tədbirlərin həyata keçirilməsinə imkan verir.
Torpağın əkilməsi əsas şərt deyil. Əsas məsələ torpaqdan səmərəli istifadə və bol məhsul yetişdirməkdir. Muxtar respublikanın blokada şəraitində yaşaması və əkinəyararlı torpaqların az olması taxıl və bostan-tərəvəz bitkilərinin əkinində mütərəqqi metodların tətbiqini, məhsuldarlığın artırılmasını və daxili tələbatın ödənilməsini zəruri edir.
Torpaqlardan səmərəli istifadə olunmasında isə meliorasiya və irriqasiya işlərini görülməsi vacib məsələdir. Muxtar respublikada bu məsələ diqqətdə saxlanılmış, ötən il Babək və Culfa rayonlarının 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi, o cümlədən “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün ayrılmış 2 min hektar torpaq sahəsinin 400 hektarında qapalı suvarma şəbəkəsi qurulub, bu il Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərinin 600 hektara yaxın torpaq sahəsini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilib. Hazırda Kəngərli rayonunun Böyükdüz kəndində 120 hektarda qapalı suvarma şəbəkəsinin qurulması davam etdirilir".
Ali Məclis sədri bildirib ki, müasir dövrdə hər bir ölkənin inkişafı ilk növbədə ərzaq təhlükəsizliyinin təmin olunması ilə ölçülür: "Ərzaq təhlükəsizliyinin təmin olunması isə kənd təsərrüfatının inkişafından, bu sahədə yerli istehsalın həcminin artırılmasından asılıdır. Naxçıvan Muxtar Respublikasının uzun müddətdir blokada şəraitində yaşaması yerli istehsalın həcminin artırılmasını zəruri edir. Artıq muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 90 faizə yaxındır".
Vasif Talıbov qarşıya qoyulan vəzifələrin icrasında aid təşkilatlara tapşırıqlar verərək deyib ki, torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri davam etdirilməli, mütərəqqi suvarma metodları tətbiq olunmalı, əkin mədəniyyəti formalaşdırılmalıdır: "Taxıl və bostan-tərəvəz bitkiləri ilə yanaşı, dənli-paxlalı bitkilərin əkini də genişləndirilməli, daxili tələbat tamamilə yerli istehsal hesabına ödənilməlidir".