19 Aprel 2017 17:04
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqlığım Sovet İttifaqının dağılması illərinə düşsə də sonradan xatırlamağa çalışdığım bir çox şeylər arasında ittifaqın məhşur dövlət keyfiyyət nişanı da var. Yaşlı nəsil bunu daha yaxşı xatırlayar; söhbət sovetlər ölkəsinin məşhur “Made in USSR”, yaxud rusca “Sdelano v SSSR” dövlət keyfiyyət nişanından gedir. Hər tərəfi qatlanmış formada, içərisində üzü aşağı şəkildə oxunduqda rusca “Kaçestvo” sözünün baş hərfi yazılmış beşkünc nişan özündə SSRİ-nin əsas heraldik simvollarından olan beşguşəli ulduzu assosiasiya edirdi.Yeri gəlmişkən, ittifaqın bütün əsas nailiyyətləri yığcam şəkildə Rusiya Federasiyasının xalq artisti Oleq Qazmanovun hitə çevrilmiş “Sdelano v SSSR” mahnısında öz əksini tapıb.

Adətimizdir, hansısa ictimai-siyasi quruluş dəyişəndə onun yaxşı cəhətlərini də necə deyərlər, ağına bozuna baxmadan pisin “gözü”nə qatıb tolazlayırıq. Amma dekabrda tarixə qovuşmasının 26-cı ili tamam olacaq Sovet İttifaqının bu brendi altında istehsal olunan bütün növ məhsullar məgər davamlılığı, möhkəmliyi və keyfiyyəti ilə tarixə öz möhürünü vurmayıbmı?! Mən heç vaxt Sovet İttifaqının xiffətini çəkənlərdən olmamışam, amma ittifaqda istehsal olunan məhsulların keyfiyyəti məsələsində hətta onun əleyhdarlarının da mübahisələrdən yayındığının dəfələrlə şahidi olmuşam. Yəqin, onlar da başa düşürlər ki, yaxşı ənənələri yaşatmaqda pis heç nə yoxdur.

“Made in Azerbaijan” brendi necə yarandı?

Müstəqilliyinin 25-ci ilində postneft dövrünə qədəm qoyan Azərbaycan qeyri-neft məhsullarının istehsalının və ixracının genişləndirilməsi, dünya bazarlarına fərqli tərtibatla, yeni brendlə qeyri-neft məhsulları çıxarmaq qərarına gəldi. Prezident İlham Əliyev ötən il yanvarın 18-də “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam bu istiqamətdə bir ilk oldu. Həmin ilin oktyabrın 5-də isə Prezident “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzaladı. Fərmanla ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası, həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib.

Sənəddə “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi daha geniş yer alıb. Bu məqsədlə sahibkarların beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirak etməsini təmin etmək, “Made in Azerbaijan” brendinin təşviqi üzrə isə dövlət mülkiyyətində olan hüquqi şəxslər vasitəsilə xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında rəflərinin təşkili və xarici ölkələrin ictimai yerlərində, kütləvi informasiya vasitələrində təbliği üçün tədbirlər həyata keçiriləcək. Bu zaman ödənilən dəstək məbləğinə “Made in Azerbaijan” brendinin təşviqi üzrə reklam kampaniyasının həyata keçirilməsi xərcləri də daxildir.

Görülən işlər bəhrəsini verməkdədir

İqtisadiyyat Nazirliyi Kollegiyasının 18 oktyabr 2016-cı il tarixli qərarına əsasən isə “Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələrin, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlərin və kütləvi informasiya vasitələrinin müəyyən edilməsi Meyarları” təsdiq edilib. Beləliklə, qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı qəbul edilmiş bu qərarlar qeyri-neft sektoruna dəstək olmaqla ixracın stimullaşdırılmasına əhəmiyyətli təkan verməkdədir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayevin Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində etdiyi çıxışdan da əyani şəkildə görmək olar. Nazir bildirib ki, ötən il ixracın təşviq edilməsi sahəsində Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar Azərbaycanın həm iqtisadi inkişafında, həm də xarici iqtisadi əlaqələrinin genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoyub: “İxracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi və yeni bazarlara çıxışının artırılması ilə bağlı imzalanmış sənədlərə uyğun olaraq, “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovurulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq, sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizdən 6 faizədək büdcə vəsaitləri hesabına təşviq verilir”.

Şahin Mustafayev qeyd edib ki, tətbiq edilməyə başlandığı qısa müddət ərzində sahibkarlar tərəfindən mexanizmə böyük maraq göstərilib: “Cari ilin birinci rübündə İqtisadiyyat Nazirliyinə bu istiqamətdə 84 müraciət daxil olub və Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixrac olunmuş kənd təsərrüfatı və sənaye məhsulları üzrə 520 min manatdan çox ixrac təşviqi ödənilib. Tərəfimizdən ixrac dinamikası və sahibkarların müraciətləri təhlil olunur və ixrac potensialı yüksək olan digər məhsullar da siyahıya daxil ediləcək”.

Nazir yuxarıda adını çəkdiyimiz sənədin icrası istiqamətində görülən işlər barədə də danışıb: “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin təşviqinə, yerli şirkətlərin xaricdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramlarına çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları” təsdiq olunduğu tarixdən etibarən, yəni ötən 5 ay ərzində Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib. Çin Xalq Respublikasına səfər çərçivəsində beynəlxalq şərabçılıq sərgisində yerli şərab məhsullarımızdan biri qızıl medala layiq görülüb və 500 min şüşə şərabın Çinə ixracına dair imzalanmış müqavilənin icrasına başlanılıb. Dubaya ixrac missiyası çərçivəsində nar şirəsi, alma və balın ixracına dair razılaşmalar əldə edilib.

Cari ilin yanvarında 18 şirkətin iştirakı ilə Almaniyaya təşkil edilən ixrac missiyası çərçivəsində bu ölkəyə çay və narın ixracı ilə bağlı ilkin razılaşma əldə edilib, nar şirəsinin İsveçə ixracı ilə bağlı isə müqavilə imzalanıb. Pakistan və Əfqanıstana həyata keçirilən ixrac missiyaları çərçivəsində quru süd və süd məhsulları, nar şirəsi, qənnadı məhsulları, mebel, boru, metal konstruksiyaları və digər tikinti materiallarının ixracı üzrə, Qətərə ixrac missiyası çərçivəsində isə ət, nar şirəsi və Naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar əldə edilib. Həmçinin “Gulfood” beynəlxalq ərzaq, “Prowein” şərab sərgilərində sahibkarlarımız vahid ölkə stendləri ilə iştirak edib, çeşidli məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar bağlayıb və sifarişlər qəbul olunub”.

“Bütün dünyada alıcını ilk növbədə xarici görünüş maraqlandırır”

Mövzu üzrə söhbətləşdiyimiz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, “Made in Azerbaijan” brendinin yaradılması Azərbaycan məhsullarının dünyada tanıdılması, ixracyönümlü məhsulların keyfiyyət və kəmiyyətinin artırılması üçün atılan bir addımdır. Onun sözlərinə görə, “Made in Azerbaijan” brendinin dünyaya çıxarılması, xaricdə daha yaxşı tanıdılması, sahibkarlar üçün daha münbit şəraitin yaradılması üçün onlara müəyyən güzəştlər tətbiq edilib. V.Əhmədov qeyd edib ki, əsas məqsəd ixracın təşviq olunmasıdır: “Elə məhsullar var ki, biz xaricdən onları həddən artıq çox idxal edirik. Düzdür, son vaxtlar – ilin birinci rübündə idxal azalıb və ixrac artmağa başlayıb. İqtisadiyyat naziri Şahin Mustafayevin aprelin 17-də Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində bildirdi ki, cari ilin ilk rübündə ümumi idxal 17 faiz, qeyri-neft idxalı isə 20 faiz azalıb. Nazir bildirdi ki, spesifik rüsumlar tətbiq edilən məhsullardan sement və klinker idxalı 92 faiz, kafel-metlax idxalı 55 faiz, alçipan idxalı 49 faiz, fındıq idxalı 58 faiz, pomidor idxalı 49 faiz, armud idxalı 37 faiz, alma idxalı 33 faiz azalıb, ərzaqlıq yumurta və soğan idxalı isə demək olar ki, dayanıb. O həmçinin qeyd etdi ki, ölkəmizdə məhsullar üzrə təminetmə səviyyəsi artdıqca, təhlillər aparıldıqdan sonra əlavə məhsullar da siyahıya daxil ediləcək. Bilirsiniz ki, istehsalın dəstəklənməsi və ixrac potensialının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan 84 məhsul üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilib. Nazirin tamamilə haqlı olaraq bildirdiyi kimi, bu qərar özünütəminetmə səviyyəsi yüksək olan məhsullar üzrə yerli istehsala böyük dəstəkdir. Həqiqətən də, sadə dillə desək, bizdə meyvə-tərəvəz boldursa, onları niyə idxal etməliyik?! Almamız, gavalımız, fındığımız, badamımız, quru meyvələrimiz və sair var. Biz bunları xaricə çıxarmaq istəyirik. Sözsüz ki, xaricə çıxarmaq üçün onların keyfiyyəti yüksək olmalıdır. Amma istənilən malın alıcısını ilk növbədə həmin malın xarici görünüşü maraqlandırır. Bu mənada ixracyönümlü məhsulların xarici görünüşü yüksək səviyyədə olmalıdır. Görünüş məsələsi bizdə hələ indi-indi öz həllini tapmaqdadır. Bu məhsulların tərtibatı, paketlənməsi, reklam olunması və sair məsələlər bizdə çox da inkişaf etməyib. “Made in Azerbaijan” brendinin yaradılmasında digər məqsədlərlə yanaşı əsas məqsəd həm də bundan ibarətdir”.

V.Əhmədov qeyd edib ki, biz özümüz də adətən xaricdən alınmış məhsulların ilk növbədə xarici görünüşünə fikir veririk: “Bu, bütün dünyada belədir. Biz məhsullarımızın xaricdə qəbul olunacağı mərhələyə gəlib çatmalıyıq”.

“Artıq hamı biləcək ki, bu məhsul Azərbaycanda istehsal olunub”

Müsahibimiz vurğulayıb ki, indiyədək Azərbaycanın əsas ixracını şərab məhsulları təşkil edirdi. Onun sözlərinə görə, bundan əlavə xarici ixrac olunan elə bir ciddi məhsulumuz yox idi: “Düzdür, meyvə-tərəvəzimiz ixrac olunurdu. Amma biz onu xaricə brend formasında çıxarmırdıq. Biz onları ehtiyac olduğu üçün Rusiyaya və digər qonşu ölkələrə kortəbii formada çıxarırdıq. Amma biz hazırda Avropa bazarlarına çıxan bir dövlətik. Avropa ölkələri ilə çox ciddi ticarət əlaqələrimiz var. Avropada da malların brend olub-olmamasına həddən artıq çox fikir verirlər. Bir daha qeyd etmək istəyirəm ki, məqsəd xaricə keyfiyyətli məhsul çıxarmaqdır. Çünki elə ola bilər, xaricə bir dəfə məhsul çıxararsan, ikinci dəfə o məhsulu almazlar. Amma məhsulun həm keyfiyyətinin yüksək, həm kəmiyyətinin çox olması, həm də reklamının aparılması, reklam çarxlarının hazırlanması, xarici görünüşünün yüksək səviyyədə olması və sair tədbirlər hamısı birlikdə “Made in Azerbaijan” brendinin müəyyən standart halına salınmasına xidmət edir. Bundan sonra xaricə ixrac olunacaq məhsullarımızın üzərində “Made in Azerbaijan” brendi olacaq. Artıq bilinəcək ki, bu məhsul Azərbaycanda istehsal olunub”.

“Bu brendin yaradılmasına çox böyük ehtiyac var idi”

Qeyd edək ki, “Made in Azerbaijan” brendinin yaradılması həm də məsuliyyət məsələsidir. Artıq bu brendlə məhsul ixrac edən sahibkarlar brendə xələl gətirməmək üçün keyfiyyətli məhsul ixrac etməyə məcbur olacaqlar. Bu baxımdan, brendin yaradılması iqtisadiyyatımızı yeni nəfəs gətirib desək, yanılmarıq. Vahid Əhmədov da SSRİ-nin keyfiyyət nişanını xatırladıb. Deyib ki, ittifaq dağılandan sonra respublikamızın özünəməxsus brendi olmayıb: “Biz o vaxtlar da xaricə çox məhsul ixrac edirdik. Məsələn, mən 1983-91-ci illərdə növbəli şəkildə Bakıda üç maşınqayırma zavoduna rəbərlik etmişəm. Biz həmin vaxt 24 ölkəyə məhsul göndərirdik. Amma onların heç birinin üstünə Azərbaycan yazılmırdı, hamısının üstünə “Made in USSR” yazılırdı. Bu baxımdan milli brendin yaradılması həm də mənəvi məsələdir, öz kimliyini təsdiq etməkdir. Azərbaycanı siyasi cəhətdən bütün dünyada tanıyırlar. Ancaq iqtisadi cəhətdən tanıtmaq üçün “Made in Azerbaijan” brendinin yaradılmasına çox böyük ehtiyac var idi”.

Bəs, “Made in Azerbaijan” ölkəyə nə qədər valyuta gətirəcək?

Bu sualımızı da cavablandan V.Əhmədov deyir, açıq danışmaq lazımdır, bu sahədən külli miqdarda valyuta gəlməyəcək. O qeyd edir ki, neftdən-qazdan gələn gəlir başqa sahələrdə olmayacaq: “Amma bir misal gətirmək istəyirəm. Mən 1998-ci ildən etibarən yenidən Keşlə Maşınqayırma Zavodunda direktor işləməyə başladım. Biz 1998-99-cu illərdə İsveç şirkəti ilə birgə avadanlıq hazırlamağa başladıq. Həmin avadanlığın birinin qiyməti 300 min dollar idi. Zavod həmin avadanlıqdan İrana 10 ədəd satdı və ölkəyə 3 milyon valyuta gətirdi. Yəni, neftdən, qazdan əldə etdiyimiz qədər gəlir əldə edə bilməsək də, çox şey bu sahələri bizim necə inkişaf etdirəcəyimizdən, xaricilərlə necə müqavilələr bağlayacağımızdan, öz məhsulumuzu necə təqdim, təşviq edəcəyimizdən asılıdır”.

“Brendin yaradılması tarixi keçmişə, adət-ənənələrə söykənən bir prosesdir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Tahir Mirkişili isə bildirib ki, əvvəlcə brendi yaratmaq, sonra isə onu tanıtmaq lazımdır. O qeyd edib ki, artıq tanınmış brend öz-özünü satmağa başlayır: “Ümumiyyətlə, brendin yaradılması çox mürəkkəb və sadəcə reklama, yaxud hansısa formada tanıdılmağa deyil, müəyyən qədər ənənələrə söykənən bir prosesdir. Adət-ənənələrə, tarixə, yaxud istehsalda yaranmış uzunmüddətli tsiklərə uyğun olaraq hər ölkənin özünəməxsus brendi yaranır. Məsələn, İtaliyada trikotaj malları, Almaniyada avtomobil, Çexiyada şüşədən hazırlanan sənətkarlıq məmulatları, büllur əşya brendləri daha məşhurdur. Bunların hər birinin əsrlərə, adət-ənənlərə söykənən keçmişi var. Azərbaycanın da bu istiqamətdə böyük ənənələri var. Məsələn, xüsusən qonşu ölkələrdə yaşayan insanlarda belə bir inam var ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları daha keyfiyyətlidir, ekoloji cəhətdən təmizdir. Azərbaycanda bol günəş enerjisi, eyni zamanda 9 iqlim qurşağı olduğu üçün istehsal olunan meyvə-tərəvəzin tərkibi vitaminlərlə daha zəngindir. Təsadüfi deyil ki, bizim ölkədə yetişdirilən meyvə-tərəvəz məhsulları qonşu ölkələrin bazarlarında hətta, baha qiymətə belə satıla bilir. Bu o deməkdir ki, insanlarda bir inam var və onlar baha qiymətə də olsa, bu məhsulları alırlar. Məhz bunlara söykənərək “Made in Azerbaijan” brendi də bu inamın daha da möhkəmlənməsi, daha da konkretləşməsi işinə xidmət edir”.

“Bu təcrübədən istifadə edərək “Made in Azerbaijan”ın tanıdılması işində mühüm nailiyyət əldə etmək mümkündür”

T.Mirkişili qeyd edib ki, bu brend altında satılan hər bir məhsulun brendin adına və keyfiyyətinə uyğun olması çox vacib məsələdir: “Ona görə də bizi “Made in Azerbaijan” brendi sözünü oxuyanda hər hansı məhsulun bazarlara çıxması ilə yanaşı insanların gözləri önünə nələrin gəldiyi, onun keyfiyyətinə necə inanacaqları, ümumiyyətlə nələri təsəvvür etdikləri maraqlandırır. Yaxud, xarici alıcıların “Made in Azerbaijan” sözünü oxuyanda, onun stendini görəndə hansı hissləri keçirəcəkləri kimi məqamlar da bizim ilgimizi çəkən məsələlər sırasındadır. Bütün brendlərin yaradılmasının, inkişaf etdirilməsinin, tanıdılmasının əsas məqsədi həmin məhsulun satılmasıdır. Satış proses də alıcının verdiyi qərardan ibarətdir. Alıcı bu markaya inam göstərirsə onu almaqla bağlı qərar qəbul edir”.

Müsahibimiz onu da bildirib ki, bu brendin tanıdılması uzunmüddətli, eyni zamanda çoxtərəfli bir prosesdir: “Azərbaycanın bununla bağlı müəyyən təcrübəsi də var. Qeyd etdiyim kimi bizim bəzi məhsulların insanlarda inam yaratması təcrübəsindən istifadə edərək “Made in Azerbaijan” brendinin tanıdılması işində mühüm nailiyyətlər əldə etmək mümkündür. Bütün bu məsələlərə kompleks yanaşılmalıdır. Ölkənin keçmişə söykənən adət-ənənələri, ölkədə sabitliyin, multikulturalizm dəyərlərinin mövcudluğu, təbii iqlim qurşaqlarının varlığı, istehsal ənənələri ilə bağlı keyfiyyətə nəzarət mexanizmlərinin, dövlətin bunda maraqlarının olması – bütün bu kompleks məsələlər hamısı “Made in Azerbaijan” brendinin yaradılmasında və ona inamın əldə edilməsində mühüm rol oynamalıdır. Bildiyiniz kimi artıq bu istiqamətdə xeyli işlər görülüb”.

““Made in Azerbaijan” brendinin yaradılması Azərbaycan məhsullarının xarici rəqiblərinə qalib gəlməsinə şərait yaradacaq”

Deputat onu da bildirib ki, ölkə iqtisadiyyatı qarşısında qoyulan əsas hədəflərdən biri qeyri-neft məhsulları ixracının artırılmasıdır. Onu sözlərinə görə, təbii ki, qeyri-neft məhsulları ixracını artırmaq üçün görülən işlərə ənənəvi bazarlarla yanaşı qeyri-ənənəvi bazarlarda bu məhsullar üçün bazar payının əldə olunması, bazarlarda bu məhsulların tanıdılması, eyni zamanda satış həcminin artırılması daxildir: “Xaricdə bütün bazarlarda çox ciddi rəqabət var. Bu rəqabət də əsasən müxtəlif brendlərə olan inamdan və alıcıların verdikləri qərarlardan asılıdır. Ona görə də hesab edirəm ki, “Made in Azerbaijan” brendinin inkişaf etdirilməsi ilk növbədə daha çox qeyri-neft məhsullarının xarici bazarlarda tanıdılmasına və onların orda satılmasına gətirib çıxaracaq. Əsas məqsəd də elə budur. Qeyd etdiyim kimi brendin tanıdılmasının əsas məqsədi xarici alıcılarda bizim xeyrimizə qərarların qəbul edilməsinə nail olunmasıdır. Ona görə də bu brendin yaradılması, eyni zamanda tanıdılması və inkişafı məhz qeyri-neft sektoru – kənd təsərrüfatı və sənaye məhsullarımızın xaricdə daha uğurla satılmasına, onların rəqabətdə xarici rəqiblərinə qalib gəlməsinə şərait yaradacaq”.

Səxavət HƏMİD

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir


Müəllif: