25 Aprel 2017 11:41
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, Azərbaycan bankları və kredit təşkilatları kreditləşməni dayandırıblar. “Daşınar əmlakın yüklülüyü haqqında qanun"un qəbulunun ciddi dəyişikliyə səbəb olacağına ümid edirik.

Bu sözləri Telelqraf.com-a iqtisadçı Rəşad Həsənov "Daşınar əmlakın yüklülüyü haqqında qanun" layihəsini şərh edərkən deyib.

İqtisadçının sözlərinə görə, indiyəcən Azərbaycanda təsərrüfat sahibləri kredit götürməkdə çətinliklərlə üzləşirdilər:

“Onlara kredit verən banklar girov üçün paytaxtda mənzillərinin olmasını tələb edirdilər. Yeni situasiyada dövlət qeyri-neft məhsullarının ixracı məsələsinə üstünlük verir. Amma məlum maneələr kənd təsərrüfatı sektorunun kreditləşməsinə, maliyyə əlçatanlığınınn artırılmasına mənfi təsir göstərirdi. Bu baxımdan son dövrlər sahibkalara dəstək verilməsi mühüm məsələdir”.

Bununla belə, Rəşad Həsənov hesab edir ki, bu vəsaitlər kiçik və məhdud vəsaitlərdir:

“Bu addımlar növbəti illərdə kənd təsərrüfatı sahəsinin maliyyələşməsini sürətləndirsə də, burda təəssüf doğuran bir məqam var: ölkə bankları və kredit təşkilatları demək olar ki, kreditləşməni dayandırıblar. İnsanlar kredit götürməkdə çətinliklərə üzləşirlər”.

Ekspert bildirib ki, aqrar sektorda sığorta sistemi çox zəif inkişaf edib:

“Ötən il Maliyyə Bazarlarına Nəzarət Palatası aqrar sektorda siğorta sisteminin təkminləşdirilməsi ilə bağlı müəyyən qərarlar qəbul etsə də, ölkədə kənd təsərrüfat məhsullarının istehsalı təxminən 5-7 faiz həcmdə sığortalanır. Halbuki bu, ən riskli sahədir. Girov qoyulmuş məhsullar, o cümlədən mal-qara məhv olarsa, müqavilə şərtləri əsasında müəyyənləşmiş öhdəliyin yerinə yetirilməsi üçün sahibkara təzyiq imkanları məhdudlaşacaq.

Bu səbəbdən həm sığorta təkmilləşdirilməli, həm də kənd təsərrüfatı sahəsində verilən sığortalarla bağlı fond yaradılmalıdır. Bu zaman fermerlər təsərrüfat məhsullarını girov qoyaraq kredit imkanlarından istifadə edə bilərlər”.

Qeyd edək ki, "Daşınar əmlakın yüklülüyü haqqında qanun" layihəsinə əsasən, kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər.

İlhamə ƏBÜLFƏT


Müəllif: