Azərbaycanda qadın sahibkarların sayı günü-gündən artır. Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Qadın Sahibkarlığının İnkişafı üzrə” beynəlxalq konfransda səsləndirilən fikirlərə görə, sahibkar qadınların 60%-i regionlarda, 40%-i isə Bakıda fəaliyyət göstərir.
Sahibkar qadınlar daha çox kənd təsərrüfatı, yüngül sənaye və xidmət sahələrindəki kiçik müəssisələrə rəhbərlik edirlər.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovanın sözlərinə görə, 2012-ci ildə Azərbaycanda sahibkar qadınlar ümumi sahibkarların 17%-ni təşkil edirdilərsə, ötən il bu rəqəm 18% olub.
Milli Məclisin sədr müavini Bahar Muradova isə qadınların ictimai-siyasi sahədə aktivliyindən və son zamanlar qərar qəbul edilməsi sahəsində qadınların da önə çəkilməsi ilə bağlı hökumətdə məqsədyönlü iş aparılmasından danışdı. O, qadınların iqtisadiyyatın xidmət, tekstil, yüngül sənaye və s, sahələrindən əlavə, neft, tikinti və maşınqayırma sektorlarına da diqqət göstərmələrinin vacibliyini vurğuladı. Vitse-spikerin sözlərinə görə, dünya üzrə reytinq cədvəllərində varlı insanlar, biznes adamlarının əksəriyyətinin kişi cinsindən olduğu müşahidə edilir: "Biz istəyərdik ki, qadınlar da iri şirkətlərə rəhbərlik etsinlər, holdinq başçıları, oliqarxlar olsunlar.”
Vitse spikerin qadınları oliqarx görmək istəməsi və bu fikri müxtəlif ölkələrdən nümayəndələrin iştirak etdiyi beynəlxalq konfransda səsləndirməsi diqqət çəkməyə bilməzdi. Bu baxımdan Bahar Muradovadan “Qadınları oliqarx kimi görmək istədiyinizi deyəndə nə nəzərdə tutursunuz?” sualı ilə müraciət etdik. Milli Məclisin sədr müavini dedi ki, o qadınların müasir cəmiyyətdə daha faydalı və səmərəli fəaliyyət göstərə biləcəyinə inanır. “Bu gün dünyanın müxtəlif ölkələrində reytinq cədvəlləri açıqlanır və biz onların arasında qadınları ya görmürük, ya da onların sayı çox azdır. Bu baxımdan mən qadınların cəmiyyətdə və iqtisadiyyatın müxtəlif sahələrində fəal mövqe tutmasının önəmli olduğunu qeyd etmək istəyirəm".
Ayxan