Mağazalarda şəkər tozunun qiymətində enmə müşahidə olunur.
Teleqraf.com qiymətlərin necə olması ilə maraqlanıb. Qiymətlər 0,95-1 manat arasında dəyişir. Satıcılar qiymətin enməsini belə əsaslandırıblar: “Topdansatışdan ucuz alırıq deyə, ucuz da satırıq”.
İqtisadçı ekspert Natiq Cəfərli şəkər tozunun ucuzlaşması səbəblərindən danışarkən bildirib ki, şəkər tozunun qiymətinin enməsi spesifik məsələdir və sırf şəkər istehsalı ilə bağlıdır:
“Əvvəllər xammalın böyük bir hissəsi xaricdən gətirilirdi. Hətta şəkər istehsal etmək üçün Braziliyadan belə şəkər qamışı gətirilirdi. Bu il isə ölkədə kifayət qədər şəkər çuğunduru istehsal edilib. Fermerlərə də təşviq proqramları çərçivəsində subsidiyalar, yardımlar ayrıldı. Ona görə də böyük həcmdə şəkər çuğunduru əkilib, İmişlidəki şəkər zavoduna təhvil verildi. Yerli xammal olduğuna və daha ucuz başa gəldiyi üçün sırf bu sahədə qiymətlərin az da olsa ucuzlaşmasını gördük. Amma bunun da davamlı olması üçün gərək istehsal davamlı olsun. Yəni yerli maldan istifadə davamlı olsun. Əgər belə olarsa, qiymət daha da uzuslaşa bilər. Bu digər sahələrə də aiddir. Nə qədər ki, yerli xammaldan istifadə olunacaq və istehsal artacaq, o zaman qiymətlərə pozitiv təsir edəcək. Qiymətin enməsinə bazara xaricdən daxil olan məhsulun bol olması da təsir göstərə bilər, amma indi əsas səbəb yerli istehsalın artmasıdır”.