Hələlik neftin qiyməti 60-65 dollar dəhlizindədir.
Bunu Teleqraf.com-a açıqlamasında “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
O qeyd edib ki, hazırkı qiymət OPEK və qeyri-OPEK ölkələri üçün ədalətli qiymət dedikləri dəhlizdən də yuxarı həddədir:
“Çünki bir il öncə bu təşkilat və onun təşəbbüsünü alqışlayan neft ixracatçısı ölkələri hasilatı azaldarkən neftin qiymətinin 55-60 dollar aralığında olmasını ədalətli qiymət hesab edirdilər. Amma son iki ayda dünya bazarında neftin qiyməti 60 dollardan yüksək həddə bərqərar olub. Bunun da bir sıra səbəbləri var. Bu səbəblərdən biri neft ehtiyatlarının azalması ilə bağlı olan məlumatlardır. Məhz dünən Rusiyanın energetika naziri Aleksandr Novak da bildirdi ki, OPEK və qeyri-OPEK ölkələrinin hasilatı azaltması ilə bağlı bazarda yaranmış tələb-təklif münasibətləri nəticəsində 200 milyon tonadək “bunker nefti” adlanan ehtiyatlar (ölkələrin ehtiyatı, o cümlədən tankerlərdə saxlanılan neft) bazara çıxarılıb və satılıb. Bununla da həmin ehtiyatlar 340 milyondan 140 milyon tonadək azalıb”.
İ.Şaban qeyd edib ki, nəticə etibarilə gələn il üçün bu ehtiyatların bir qədər də azalmasının müşahidə olunacağı proqnozlaşdırılır:
“Çünki bu ölkələr hasilatın buxovlanması ilə bağlı sözü bir yerə qoyublar. Düzdür, onların bu sözə nə qədər əməl edəcəyi başqa məsələdir. Biz görürük ki, Qazaxıstan kimi ölkənin hasilatı “Kaşağan” yatağının istismara verilməsi ilə əvvəlki illə müqayisədə təqribən 8 milyon ton artmış olacaq. Qazaxıstan kimi bir neçə ölkə var. Düzdür, bu, dünya miqyasında böyük həcm olmasa da, təsirsiz də ötüşmür”.
Müsahibimiz bildirib ki, başqa faktorlar da var:
“Neftin qiymətlərinin formalaşmasında makroiqtisadi göstəricilər də çox önəmli rol oynayır. Yəni, ölkələrdə inkişaf varsa, bu inkişafı təmin edəcək amil enerji sərfiyyatıdır. Həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu 2018-2020-ci il periodu arasında dünya üzrə ən yüksək makroiqtisadi göstəriciləri proqnoz ediblər. Bu, neftin qiymətlərini artırmağa sövq edir. Bundan çıxış edib gələn il üçün neftin orta qiymətini cari ildəki kimi 53 deyil, 56 dollar proqnoz ediblər. Əgər dünya miqyasında hansısa fövqəlhadisə olmasa, neftin qiyməti cari illə müqayisədə azalmağa doğru meyilli olmamalıdır. Məntiq bunu deyir”.
Qeyd edək ki, analitiklər dünya birjalarında neftin qiymətinin yenidən ucuzlaşa biləcəyini proqnozlaşdırırlar. Onların fikrincə, neftin qiyməti gələn ilin ilk rübündə 50 dollar/barrelə qədər azala bilər. CNBC-yə müsahibəsində enerji mütəxəssisləri istehsaldakı artım proqnozu və artan geosiyasi risklərin təsiri ilə neftin qiymətdəki yüksəlişin 2018-ci ildə ilk rübünün sonunda azalmağa başlayacağını bildiriblər. “PVM Oil Associates”in analitiki Stefen Brennok deyib ki, 2018-ci ilin ilk rübündə neftin qiymətini formalaşdıran əsas faktor geosiyasi proseslər olacaq. Onun fikrincə, İran və Səudiyyə Ərəbistanı arasında artan gərginlik, eləcə də dünyanın ən böyük neft ehtiyatlarına sahib olan Venesueladakı borc böhranı neft bazarında sarsıntı yarada biləcək.