29 Dekabr 2017 10:40
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda yeni qlobal iqtisadi reallıqlara uyğun olaraq son illərdə həyata keçirilən davamlı stabilləşdirmə tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsaslarının yaradıldığı bildirilib. Sənədə görə, tədiyyə balansı tarazlaşıb, valyuta ehtiyatlarına təzyiq azalıb, milli valyutanın xarici dəyəri sabitləşib və inflyasiya gözləntiləri nisbətən səngiyib.

Pul siyasəti rejimi

“Bu müsbət nəticələr dərin makroiqtisadi manevr və çevik koordinasiya olunmuş makroiqtisadi siyasət çərçivəsinin tətbiqi sayəsində mümkün olub. Mərkəzi Bank yeni pul siyasəti rejimi çərçivəsində makroiqtisadi dayanıqlığa yönəldilmiş siyasət həyata keçirib, siyasət faiz dərəcəsi və pul təklifi mənbələri makroiqtisadi sabitlik və milli iqtisadiyyatın inkişafının təmin edilməsi hədəflərinə uyğun şəkildə tənzimlənib. Ölkədə makroiqtisadi sabitliyi möhkəmləndirmək və dayanıqlı iqtisadi artıma nailolmaq ortamüddətli makroiqtisadi siyasətin başlıca prioritetidir. Bu prioritetin reallaşdırılması sıx koordinasiya olunmuş makroiqtisadi çərçivə və gözləntiləri effektiv idarə edən pul siyasəti rejimi vasitəsi ilə mümkündür”, - deyə bəyanatda vurğulanıb.

Bəyanat müəllifləri hesab edir ki, bütövlükdə, formalaşdırılan yeni makroiqtisadi sabitlik və inkişaf platforması iqtisadiyyatı xarici və daxili şoklardan effektli qorumağa imkan verməklə milli iqtisadiyyatın yüksək artım trayektoriyasına qayıtmasını təmin edəcək.

Neftin 3 dəfə ucuzlaşmasına reaksiya

Xarici şoka adekvat olaraq həyata keçirilmiş siyasət tədbirləri nəticəsində 2017-ci ildə yeni makroiqtisadi sabitlik çərçivəsi formalaşıb, ölkənin xarici və daxili balansı yaxşılaşmağa başlayıb.

2014-cü ilin II yarısından neftin 3 dəfə ucuzlaşmasına reaksiya olaraq makroiqtisadi siyasətdə dərin manevr həyata keçirilib: “Neft gəlirlərindən istifadə səviyyəsi optimallaşıb, məzənnə korreksiyası həyata keçirilib, maliyyə sektorunda sağlamlaşma və restrukturizasiya prosesləri başlanıb, yaradılmış Maliyyə Sabitliyi Şurası makro iqtisadi koordinasiya üçün effektiv platforma rolunu oynayıb”.

2017-ci ildə Azərbaycanın xarici iqtisadi mövqeyi yaxşılaşıb. “Tədiyyə balansının 2015-2016-cı illərdəki kəsiri 2017-ciilin 9 ayında 1,4 milyard ABŞ dolları həcmində profisitlə əvəzlənib. Cari əməliyyatlar hesabında ÜDM-in 3,8%-i səviyyəsində profisit qeydə alınıb. Bu profisitin bərpası yalnız neftin dünya bazarlarında qiymətinin artımı ilə bağlı deyil. Makroiqtisadi korreksiya ilə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsinin 36% ucuzlaşması və diversifikasiya tədbirləri nəticəsində son bir neçə ildə mal və xidmət idxalının əhəmiyəli azalmasına paralel olaraq qeyri-neft ixracının genişlənməsi cari hesabın yenidən profisitə çıxmasını təmin edib. Əmtəə idxalı 3,5% azalıb, qeyri-neft əmtəə ixracı isə 31,3% artıb.

Ticarət balansı ilə yanaşı, xidmət balansında da pozitiv meyllər müşahidə edilir. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri 2,5 dəfə azalıb,turizm xidmətlərində müsbət saldo yaranıb. Kapitalın və maliyyənin hərəkəti balansı da profisitli olub, birbaşa və portfel investisiyalar üzrə müsbət saldo digər investisiyalar üzrə kəsiri tam örtüb”, - deyə bəyanatda vurğulanıb.

Strateji valyuta ehtiyatlarının artıb

2017-ci ildə tədiyyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb.

Strateji ehtiyatlar noyabrın sonuna ilin əvvəlinə nəzərən 13,3% (5 mlrd. ABŞ dolları) artıb və 42,6 mlrd. ABŞ dolları təşkil edib. Sənəddə bildirilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları isə 32% artaraq 11 ayın sonuna 5,2 mlrd. ABŞ dollarına çatıb.

“Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının başlıca mənbələri xarici valyutada dövlət zəmanəti və valyuta girovu ilə verilmiş kreditlərin qaytarılması olub”, - deyə bəyanatda vurğulanıb.

Yeni iqtisadi inkişaf modelinə keçid

2018-ci il və ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu dövrdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım və gözləntilərin effektiv idarə olunması üçün baza şərti olacaq.

“Mərkəzi Bank mandatına uyğun olaraq özünün stabilizasiya xarakterli balanslı pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının təmin edilməsinə zəruri dəstək verəcək, hökumətlə birlikdə öz siyasətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına yönəldəcək, inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsini daha da təkmilləşdirəcək. Bu məqsədlə növbəti ildə və orta müddətli dövrdə yeni makroiqtisadi və maliyyə sabitliyi platformasının formalaşdırılmasını təmin edən radikal islahatlar həyata keçiriləcək”, -deyə bəyanatda vurğulanıb.

Bank sektorunun restrukturizasiyası proqramı

Bankların maliyyə dayanıqlığının bərpa edilməsi və gücləndirilməsi, qeyri-işlək borclar probleminin həll edilməsi istiqamətində işlər davam etdiriləcək.

Bank sektorunun restrukturizasiyası proqramı qeyri-işlək borcların tənzimlənməsi üzrə komplementar tədbirlərlə dəstəklənməlidir:

“Bu istiqamətdə beynəlxalq təcrübə, ölkə xüsusiyyətləri və məhdudiyyətlər nəzərə alınmaqla xüsusi mexanizmlər hazırlanmalıdır. Belə kompleks yanaşma bankların kapital mövqelərini bərpa etməyə, sağlam kredit tələbini genişləndirməyə, kredit aktivliyini artırmağa və iqtisadi artımı dəstəkləməyə imkan verərdi”.

Bəyantda bildirilib ki, maliyyə vasitəçiliyinin aktivləşdirilməsi üçün bankların fəaliyyət göstərdiyi ekosistemdə mövcud olan məhdudiyyətlərin aradan qaldırılması və risklərin azaldılması üzrə işlər davam etdirilməlidir.

AMB-də hesab edirlər ki, qeyd olunan amillərlə yanaşı, nəzərdə tutulan islahatlar ekosistemin mövcud maliyyə resurslarının bank sektoru üçün qəbul edilə biləcək risklər səviyyəsində kreditləşməyə yönəlməsinə şərait yaradacaq.

Nağdsız ödənişlərin genişləndirilməsi

Pul siyasətinin transmissiya effektinin gücləndirilməsi və maliyyə sektorunun resurs bazasının möhkəmləndirilməsindəki rolunu nəzərə alaraq Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair Mərkəzi Bank tərəfindən hazırlanmış dövlət proqramının qəbul edilərək reallaşması yaradılmış müasir ödəniş infrastrukturundan istifadəni əhəmiyyətli yaxşılaşdıra bilər.

“Mərkəzi Bank son dövrlərdə sürətlə populyarlaşan blokçeyn texnologiyalarının tətbiqi üzrə beynəlxalq prosesləri də izləyir və bu texnologiyalar əsasında maliyyəsektorunda müştəri-bank münasibətlərində rəqəmsal identifikasiya sisteminin yaradılmasını nəzərdə tutan pilot layihənin reallaşmasını təmin edəcək”,- deyə bəyanatda vurğulanıb.

Çevik məzənnə rejimi

Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərib.

Çevik məzənnə rejimi şəraitində II rübdən sonra milli valyuta əlavə möhkəmlənmə təzyiqi altında olub.

“Manatın əhəmiyyətli möhkəmlənməsi bir sıra mikro və makro risklərin reallaşmasına yol aça bilərdi. Valyuta bazarında təklifin tələbi üstələməsi, büdcəyə valyuta transfertlərinin reallaşması ilə bağlı çətinliklər şəraitində fiskal sektorun likvidliyə olan tələbatı pul bazasının artımına və monetar şəraitə təsir göstərən əsas amil olub. 2017-ci ilin 11 ayında pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 10,5% artıb”, - deyə sənəddə vurğulanıb.

Pul siyasəti alətlərinin təkmilləşdirilməsi

2018-ci ildə pul siyasəti hədəflərinə nail olmaq üçün Azərbaycan Mərkəzi Bankı (AMB) sərəncamındakı maliyyə alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcək.

AMB banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq və pul siyasəti hədəflərinə nail olmaq üçün özünün müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayacaq. Alətlərdən istifadə bank sistemindəki likvidlik vəziyyətindən asılı olacaq. Struktur likvidlik profisiti olduğu təqdirdə Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə portfeli genişlənə bilər.

"Siyasət qərarları qəbul edilərkən pul siyasətinin transmissiyası xüsusiyyətləri nəzərə alınacaq, qərarlar qabaqlayıcı rejimdə qəbul ediləcək. Pul bazarının inkişaf səviyyəsindən asılı olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsi davam etdiriləcək. Əməliyyat hədəfinə effektiv şəkildə nail olmaq, alətlər üzrə kəmiyyət parametrlərini adekvat müəyyən etməyə imkan verən likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi işləri davam etdiriləcək. Beləliklə, hökumətin birrəqəmli inflyasiya proqnozunu da nəzərə almaqla sərəncamındakı alət və mexanizmlərdən istifadə edərək Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq", - deyə sənəddə vurğulanıb.

Makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi, bu əsasda sürətli və inklüziv iqtisadi artıma nail olunması ortamüddətli dövrdə qarşıda duran başlıca vəzifədir. Ortamüddətli dövrdə makroiqtisadi siyasət ilk növbədə makroiqtisadi sabitliyin başlıca göstəricisi olan aşağı inflyasiyaya yönələcək. Aşağı və proqnozlaşdırıla bilən inflyasiya qeyri-müəyyənlikləri aradan qaldırır, ev təsərrüfatları və müəssisələrə yığım və investisiyalara dair qərarları daha uzun planlaşdırma horizontunda qəbul etməyə imkan verir. Bu səbəbdən AMB orta və uzunmüddətli dövrə inflyasiyanın hədəflənməsi rejimini optimal pul siyasəti rejimi olaraq görür. Bu rejimə keçid şərtlərinin realizasiyası istiqamətində işlər davam etdiriləcək.

"Fiskal qayda"ların qəbulu

Maliyyə Sabitliyi Şurasının qəbul etdiyi "2017-ci il və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı"na uyğun olaraq "Fiskal qayda"ların qəbulu orta və uzun müddətli dövrdə fiskal siyasətin kontr-tsiklliyi və dayanıqlığının təmin edilməsində mühüm rol oynayacaq.

Ortamüddətli dövrdə fiskal konsolidasiyanın davam etdirilməsi və kəsirsiz büdcəyə nail olunması, stimullaşdırıcı vergi siyasətinə keçid, dövlət xərclərinin iqtisadi artımı və şaxələnməni dəstəkləyən istiqamətlərə (ilk növbədə insan kapitalının inkişafı) fokuslaşması makroiqtisadi sabitliyin qorunması və iqtisadi artımın sürətləndirilməsində mühüm rol oynayacaq. Ortamüddətli xərc çərçivəsinin tətbiqinə keçid, iri dövlət şirkətlərində maliyyə intizamının gücləndirilməsi və korporativ idarəetmə standartlarının tətbiqi işləri də davam etdiriləcək.

Makroiqtisadi sabitlik hədəfləri

Makroiqtisadi sabitlik çərçivəsinin dayanıqlığının gücləndirilməsi 2018-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasətinin başlıca məqsədini təşkil edəcək, inflyasiya gözləntilərinin azaldılmasına yönəldilmiş siyasət davam etdiriləcək.

AMB 2018-ci ildə də özünün pul siyasəti hədəflərini makroiqtisadi proqnozlar nəzərə almaqla formalaşdırıb:

"Müxtəlif ssenarilər üzrə aparılan simulyasiyalara görə Azərbaycanın başlıca makroiqtisadi göstəriciləri üzrə 2017-ci ildə başlamış pozitiv dinamikanın növbəti ildə də davam edəcəyi gözlənilir".

"Hökumətin son proqnozlarına görə 2018-ci ildə real artım tempi ümumi ÜDM üzrə 1,5%, qeyri-neft sektoru üzrə isə 2,9% olacaq. Dövlət tələbi iqtisadi artımın əsas amillərindən biri olaraq qalacaq. 2018-ci ildə dövlət büdcəsi xərclərinin başlıca olaraq investisiya xərcləri hesabına artırılacağı nəzərdə tutulur ki, bu da qeyri-neft sektorunda artımı dəstəkləyəcək", - deyə bəyanatda vurğulanıb.

Sənədə əsasən, bir sıra xarici və daxili amillər makroiqtisadi sabitlik hədəflərinə nail olmağa problemlər yarada bilər:

"Bura ilk növbədə neftin dünya qiymətinin proqnozlaşdırılandan əhəmiyyətli aşağı olması və iqtisadi tərəfdaş ölkələrdə iqtisadi aktivliyin azalması nəticəsində tədiyyə balansı göstəricilərinin pisləşməsi aiddir. Dünya ərzaq qiymətlərində bahalaşmanın davam etməsi əlavə inflyasiya idxalına səbəb ola bilər. Yüksək və qeyri-simmetrik inflyasiya və məzənnə gözləntiləri (yəni iqtisadi subyektlərin milli valyutanın ucuzlaşmasına və qiymət qalxmasına daha kəskin reaksiya verməsi), habelə fiskal kəsirin formalaşması makroiqtisadi sabitliyə təsir edə bilər. Maliyyə vasitəçiliyinin bərpa olunmaması və izafi likvidliyin akkumulyasiyasının davam etməsi, pis borclar probleminin dərinləşməsi, sektorda vəziyyətin mürəkkəbləşməsi, habelə iri dövlət şirkətlərinin maliyyə vəziyyəti ilə bağlı risklər də makroiqtisadi sabitlik və iqtisadi artım üçün təhdidlər yarada bilər. Qeyd olunan risklər Azərbaycan hökumətinin və Mərkəzi Bankın diqqət mərkəzindədir və onların idarə olunması üçün makroiqtisadi manevr potensialı mövcuddur. Növbəti ildə də Maliyyə Sabitliyi Şurası makroiqtisadi siyasət qərarlarının sıx koordinasiyasını təmin edəcək".

Profisitin olacağı gözlənilir

Proqnozlaşdırılan neft qiymətləri ilə (45 ABŞ dolları) 2018-ci ildə tədiyyə balansının cari əməliyyatlar hesabında profisitin olacağı gözlənilir.

İdxalın əvəzlənməsi və ixracın stimullaşdırılması istiqamətində qəbul edilmiş qərarların cari əməliyyatlar hesabına müsbət təsiri növbəti ildə və ortamüddətli perspektivdə də davam edəcək: "Kapital və maliyyənin hərəkətinə isə əsasən iri enerji layihələrinin reallaşdırılması ilə bağlı kapital axınları təsir edəcək".

Bəyanatda bildirilib ki, ümumilikdə qiymətləndirmələrə əsasən, proqnozlaşdırılan tədiyyə balansı və Azərbaycan Dövlət Neft Fondunun transfertlərinin həcmi 2018-ci ildə valyuta bazarında stabilliyi təmin etməlidir. "Manatın məzənnəsinin uzunmüddətli trendini məhz bu fundamental makroiqtisadi amillər formalaşdırır. Valyuta bazarının uzunmüddətli sabitliyi üçün tətbiq edilən valyuta nəzarətinin optimallaşdırılması da mühüm əhəmiyyətə malikdir", - deyə bəyanatda vurğulanıb.

Monetar şəraitin formalaşması

Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ildə konservativ pul siyasətini davam etdirəcək.

Bunun üçün AMB adekvat monetar şəraitin formalaşmasını təmin edəcək.

2018-ci ildə faiz dəhlizinin parametrləri iqtisadi tsikl göstəriciləri, inflyasiya riskləri balansının təhlili və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyənləşdiriləcək. Mərkəzi Bank inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcək.

"Xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədi ilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər", - deyə sənəddə vurğulanıb.


Müəllif: Teleqraf.com