Gəncə Avtomobil Zavodunda 10 mininci traktorun konveyrden çıxması münasibəti ilə tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə zavodun direktoru Xanlar Fətiyev, "Minsk Traktor Zavodu" ASC-nin baş direktoru Fyodor Aleksandroviç Domatenko, "Minsk Avtomobil Zavodu" ASC-nin direktoru Dmitriy Stepanoviç Kateriniç, Azərbaycanın Baş nazirinin I müavini Yaqub Eyyubov, Belarusun baş nazirinin müavini Vladimir İliç Semaşko, onun köməkçisi Serqey Camaloviç Vəliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iştirak ediblər.
Qonaqlar əvvəlcə istehsalat biriliyində yaradılmış şərait, traktorların yığım prosesi ilə yaxından tanış olublar. E.Vəliyev 2006-cı ilin oktyabrında Prezident İlham Əliyevin Belarusa səfəri zamanı iki dövlət arasında qurulmuş iqtisadi əlaqələr nəticəsində Gəncə Avtomobil Zavodunun əldə etdiyi uğurlar barədə danışıb. Onun sözlərinə görə, Minsk Avtomobil Zavodu ilə bağlanmış müqavilə şərtlərinə əsasən, 2007-ci il martın 27-də Gəncədə ilk “Belarus” traktoru, bu gün isə 10 mininci traktor konveyerdən çıxır.
Azərbaycan və Belarusun hökumət rəsmiləri - Y.Eyyubov və V.İliç.Semaşko isə iki ölkə arasında əməkadaşlığın artan templə inkişaf etdiyini və bundan sonra əlaqələrin daha da dərinləşəcəyini bildiriblər. Y.Eyyubov həm də ölkə rəhbərliyinin tapşırığına əsasən, Gəncə Avtomobil Zavodunda işçilərin əmək haqlarının 15% artırıldığını diqqətə çatdırıb.
X.Fətiyev isə həyata keçirilən müştərək layihələrin səmərəli nəticələr verdiyindən məmnunluq ifadə edərək deyib ki, bu cür qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
F.Domatenko isə vurğulayıb ki, burada yığılan avtomobillərin yüksək keyfiyyətlə xarici ölkələrə ixrac edilməsi də təqdirəlayiq haldır.
Çıxışlardan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin adından qonaqlara xatirə hədiyyələri təqdim olunub. Daha sonra 10 mininci traktor konveyrden çıxıb.