Oktyabrın 3-də 86 dollar olmaqla pik həddə qalxan neft qiymətləri bu tarixdən etibarən ucuzlaşmağa başladı. Neftin qiymətlərində təkcə bu ay etibarilə 8%-dən çox enmə müşahidə edildi. 2016-cı ilin iyul ayından bu günədək bu, ən yüksək aylıq eniş sayılır.
Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Vüsalə Əhmədova deyib.
Ekspertin sözlərinə görə, hazırda dünya bazarında Brent markalı neftin bareli 77,12 dollara, WTI markalı neftin bareli isə 67 dollara satılır:
“ABŞ və Çin arasında güclənən ticarət savaşları, ABŞ-ın xam neft ehtiyatlarının artım trendi və qlobal iqtisadi böyüməni zəiflədəcək bir sıra spekulyasiyalar neft qiymətlərinin hazırkı səviyyəyə enməsində əsas rolu oynayıb.
Dünyanın ən böyük iki iqtisadiyyatı arasında davam edən ticari gərginlik qlobal enerji tələbatına təsirsiz ötüşməyəcək. Bu, Çinin Ümumi Daxili Məhsulunun həcminin 2019-cu ildə 0,3-0,5% enməsinə səbəb ola bilər.
Bu proses dolayı yolla ABŞ-a da öz təsirini göstərəcək. 2019-cu il üzrə ABŞ ÜDM-nin təqribən 0,25-2,3% enəcəyi gözlənilir. İstehsalın aşağı enməsi səbəbindən təbii olaraq neftə tələbat da azalacaq. Digər tərəfdən, ABŞ-ın xam neft ehtiyatlarının artacağı da gözlənilir. Bütün bunlar 2019-cu ildə neftin ucuzlaşmasına gətirib çıxara bilər. Hər nə qədər eniş yaşansa da, qiymətlərin 2019-cu il üçün 65 dollardan aşağı olmayacağını düşünürəm”.
Vüsalə Əhmədova bildirib ki, hazırda neft qiymətlərinə iki əsas faktor öz təsirini göstərir:
“Birincisi, noyabrın əvvəlindən etibarən İranın enerji sektoruna ABŞ-dan sanksiyalarının tətbiq edilməsi, ikincisi isə ABŞ-ın xam neft ehtiyatlarının artacağı yönündə olan informasiyalar… Gələn aydan İrana qarşı sanksiyaların qüvvəyə minməsi ilə dünya bazarında neftlə bağlı təklifləri azaldacaq.
Digər yandan, Çin və Hindistanın iri neft şirkətləri noyabrdan etibarən İran neftindən imtina etməyi planlaşdırırlar. Eyni zamanda, OPEC-in dekabr toplantısında istehsal siyasətini dəyişdirməyəcəyi də gözlənilir.
Başqa sözlə, ABŞ-Çin arasındakı ticarət müharibəsi enerji sektoruna mənfi təsir edirmiş kimi görünsə də bu həftənin sonundan etibarən İrana tətbiq eiləcək sanksiyalar neft qiymətlərinin yenidən yüksəlməsinə səbəb ola bilər. Lakin neft qiymətlərinin hazırkı səviyyəsinin müvəqqəti xarakter daşıdığını düşünürəm”.