11 İyul 2019 16:36
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcü larisi büdrədi, manatın taleyi necə olacaq? Bu son günlər bizə ən çox müraciət olunan sualdır. Qeyd edək ki, Gürcüstanda artıq 1 dollar almaq üçün 2.87 lari ödəmək lazımdır. Düz bir il əvvəl Tbilisidə 1 dollar 2.4 lariyə dəyişdirilirdi. Bu o deməkdir ki, son 1 ildə lari 17 faiz dəyər itirib. Gürcüstana ildə 1.5 milyon turist göndərən Rusiyanın gürcü mallarının idxalını əngəlləcəyi təhlükəsi lariyə təzyiqi artırır”.

Teleqraf.com xəbər verir ki, bu haqda iqtisadçı Vüqar Bayramov məlumat verib.

Onun sözlərinə görə, iki ölkə arasında gərginliyin artacağı halda larinin daha da ucuzlaşacağı istisna olunmur:

“Gürcüstan Azərbaycanın qeyri-neft ixracatında ilk üçlüyə daxil ola bilməsə də, ən çox neft olmayan məhsullarımızı göndərdiyimiz 4-cü ölkədir. Azərbaycan 2018-ci ildə qonşu ölkəyə 124,5 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib. Bu 3-cü ən çox qeyri-neft məhsulu göndərdiyimiz İsveçrədən cəmi 11 milyon az ixrac deməkdir. Gürcüstanla illik ticarət dövriyyəimiz isə ötən il əvvəlki illə müqayisədə 5 faiz artaraq 579 milyon dollara çatıb. Tranzit əməkdaşlığı da bura əlavə etsək, əminliklə qeyd etmək olar ki, Gürcüstan Azərbaycan üçün vacib iqtisadi tərəfdaşlardandır”.

Vüqar Bayramov hesab edir ki, larinin ucuzlaşması manata psixoloji təsir edir:

“Artıq bir sıra valyuta dəyişmə məntəqələrində dolların alış kursu çox cüzi olsa da, bahalaşıb. Bir sıra banklarda 1 dolları 1.7007 manata təklif edilir. Doğrudur, neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədədir. Artıq neftin 1 bareli 67 dollardan baha satılır. Bununla belə, qonşu ölkələrin milli valyutalarının ucuzlaşması bizim valyuta bazarımıza təsirsiz ötüşmür. Amma yenə də Mərkəzi Bankın mövqeyi həlledicidir.

Güman olunur ki, manatın məzənnəsinin necə dəyişməsi birbaşa baş bankın mövqeyindən asılı olacaq. Bununla yanaşı, bu ilin avqust və dekabr aylarında dollara tələbin yenidən artacağı gözlənilir. Belə ki, avqustun ikinci yarısı və sentyabrın əvvəli idxal olunan məktəb ləvazimatlarına tələb artıdığına görə dollar alışı yüksəlir. İlin sonunda da idxal və xarici turist səfərlərinin sayı artır. Dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri var və bu da dollara tələbi artırır. O baxımdan, biz yenidən ilin sonunda dollara tələbin artacağını proqnozlaşdırırıq. Bu baxımdan, Mərkəzi Bank dollar təklifini aylar üzrə optimallaşdırmağa çalışmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər