İllərdir neft satışı sayəsində rezervləri dolu olan ərəb ölkələri indi borc almaq üçün dollar axtarırlar.
Teleqraf.com xəbər verir ki, məlumat “S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyinin hesabatında öz əksini tapıb.
Hesabatda bildirilir ki, neft qiymətlərinin aşağı düşməsi səbəbindən böyük büdcə kəsiri ilə üzləşmiş ərəb ölkələri tarixən ən böyük borclanma həmlələrini etməyə hazırlaşırlar. Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Omanın 490 milyard dollar borc alması gözlənilir.
Hesabatda qeyd olunur ki, koronavirus epidemiyası səbəbindən neftin qiymətinin düşməsi Körfəz ölkələrinin iqtisadiyyatına dəyən ziyanı daha da dərinləşdirib. Məlumata görə, neft qiymətlərinin ucuzlaşmasının ərəb ölkələrinə təsiri 2023-cü ilə qədər davam edəcək.
Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər və Omanın nağd pul axtarışında olduğu, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin isə əllərindəki qaynaqları satacağı bildirilir.
“S&P”nin hesablamalarına görə, Brent markalı neftin bir barelinin qiyməti 2020-ci ildə 30 dollar, 2021-ci ildə 50 dollar, 2022-ci ildə isə 55 dollar səviyyəsində olacaq.