Bu ilin oktyabr ayında qlobal qida qiymətləri indeksi sentyabr ayına nisbətən 3,1 faiz, ötən ilin eyni ayına görə 6 faiz artaraq 100,9-a yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
Məlumata görə, qlobal ərzaq qiymətləri xüsusilə taxıl, şəkər, süd məhsulları və bitki yağlarında 5-ci ay ardıcıl artmağa davam edib.
Taxıl qiymət indeksi oktyabr ayında sentyabr ayına görə 7,2 faiz, keçən ilin eyni ayına görə 16,5 faiz artıb. Artımın əsas səbəbi buğda ixracatının azalması, Argentinada zəif inkişaf şəraiti, Şimali Amerika, Qara dəniz bölgəsi və Avropada davam edən quraq havanın qışlıq buğda əkininə təsir göstərməsidir. Qarğıdalı, yem arpası və sorqo qiymətləri də oktyabr ayında yuxarı təzyiq altında qalıb, düyünün qiyməti isə azalıb.
Bitki yağları - palma və soyanın qiymət indeksi 9 ayın ən yüksək səviyyəsini görərək son bir ayda 1.8 faiz artıb. Bununla birlikdə, yeni tip koronavirus (COVID-19) epidemiyasında vəziyyətin pisləşməsindən sonra, kolza yağının qiymətləri Avropa İttifaqındakı tələblə əlaqədar artan qeyri-müəyyənlik səbəbindən azalıb.
Süd qiymətləri indeksi oktyabrda sentyabr ayına nisbətən 2,2 faiz artıb. Ən çox pendirin qiyməti artıb, daha sonra yağsız süd tozu, tam yağlı süd tozu və kərə yağı bahalaşıb. Oktyabr ayındakı qiymət artımları Asiya və Orta Şərq bazarlarından gələn sıx idxal tələbi ilə dəstəklənən qısamüddətli tədarüklər üçün bazarın daralmasını da əks etdirir.
Oktyabr ayında şəkər qiymət indeksi aylıq olaraq 7,6 faiz artıb. Artımın səbəbi dünyanın ən böyük şəkər istehsalçısı ölkələrindən olan Braziliya və Hindistanda istehsal gözləntilərinin az olması ilə əlaqədardır.
Oktyabr ayında ət qiymət indeksi aylıq 0,5 faiz düşüb. İribuynuzlu heyvan və quş əti qiymətləri də azalıb, xırdabuynuzlu heyvan ətinin qiymətləri daxili tələb və aşağı ixrac tədarükü ilə sabit artıb.