6 Noyabr 2020 14:52
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat qurumlarının Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilməsi yeni məsələ deyil. Ötən gün təsdiqlənən “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman son 5-6 ayda başlayan prosesin nəticəsidir”.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, AİH yarandıqdan sonra Azərbaycanda dövlət müəssisələrinin holdinqin nəzarətinə verilməsi ilə bağlı proses başlayıb: “Holdinqin idarə heyəti və nizamnamə kapitalı formalaşdırıldı, fəaliyyəti üçün əsaslar yaradıldı. Ötən gün isə hansı dövlət müəssisələrinin holdinqin strukturuna daxil ediləcəyi ilə bağlı qərar qəbul edildi”.

Ekspert deyir ki, prosesin bu mərhələyə gəlib çatmasında bir sıra vacib məqamlar var: “Əsas səbəb bu günə qədər dövlət müəssisələrində müşahidə edilən qeyri-şəffaflıq, müəssisələrin fəaliyyətinin səmərəsizliyi, dövlət büdcəsinin üzərində ciddi yükün formalaşması, korrupsiya, subyektiv idarəetmə metodları, kooperativ idarəetmə mexanizmlərinin təkmilləşdirilməməsi və tətbiq edilməməsi, bir sıra hallarda özfəaliyyət sahələrində inhisarçılığın yaradılması və sair kimi amillərdir.

Artıq hüquqi dövlət müəssisələrinin 17-si ötən gün qəbul edilmiş qərarla AİH-nin idarəetməsinə verildi. Bu müəssisələrin fəaliyyətində ciddi dönüşün yaradılmasına ehtiyac vardı. Bu müəssisələr Azərbaycan iqtisadiyyatına əlavə dəyər yaratmalıdır, dövlət büdcəsinə qatqısı olmalıdır. Azalan neft gəlirləri fonunda bu, Azərbaycan üçün çox vacib məqamlarından biridir. Neft gəlirləri çox olanda bu kimi məqamlar o qədər də diqqəti cəlb etmirdi. Amma hazırda yeni adımlar üçün çox ciddi zərurət yaranıb”.

Rəşad Həsənov neftin qiymətinin ucuzlaşması səbəbindən dövlət büdcəsinə ikinci dəfə baxılmasına diqqət çəkib: “Ümumiyyətlə, son bir neçə ildə Neft Fondunun gəlirləri ilə xərcləri arasında disbalans yaranıb. Ehtiyatların xərclənməsi istiqamətində müəyyən zərurətlər ortaya çıxıb. Bundan sonrakı dövrdə neftin qiymətinin yüksələcəyi ehtimalı çox aşağıdır. Azərbaycanda hasilatın təbii azalması prosesi gedir. Bütün bunlar Azərbaycan qarşısında yeni çağırışlara uyğun dövlət iqtisadiyyatının formalaşdırılması zərurəti yaradır”.

Analitik hesab edir ki, hələlik problemə müəkəmməl yanaşmadan söhbət getmir: “Amma gəlib çıxılmış nöqtədə hələlik alternativi də yoxdur. Böyük ehtimalla AİH tərəfindən bu müəssisələrin müəyyən bir qisminin və yaxud onların fəaliyyətinin müəyyən istiqamətlərinin özəlləşdirilməsi yönündə də qiymətləndirmələr aparılacaq. Bu qiymətləndirmələr nəticəsində növbəti dövrlərdə həmin müəssisələrin bir qismi özəlləşdirilməyə təqdim ediləcək, yaxud onların payları formalaşdırılacaq. Beləliklə də sektora özəl investisiyanın cəlb edilməsi imkanları yaradılacaq. Dövlət-özəl əməkdaşlığı formatı çərçivəsində nisbətən bu istiqamətdə fəaliyyətin şəffaflaşması, nəzarətin gücləndirilməsi mexanizmləri formalaşdıracaq”.

Rəşad Həsənovun təxminlərinə görə, 150 milyard manat aktivi olan ümumi şirkətlərin idarəetməsinin AİH tərəfindən necə həyata keçiriləcəyi müəyyən suallar və narahatlıqlar da doğurur: “Bu günə qədər Azərbaycanda belə bir təcrübə olmayıb. Fərqli fəaliyyət siferalarında bu qədər böyük aktivlərin idarə edilməsi, bu şirkətlərin fəaliyyətinin səmərəliyinin təmin edilməsi kimi məsələlər Azərbaycan üçün bir ilk olacaq. Ümid edək ki, bu, imitasiya xarakteri daşımayacaq və subyektiv amillər AİH-in fəaliyyətində hər hansı bir nöqsanlara gətirib çıxarmayacaq”.

Mütəxəssis deyir ki, artıq konyunktura tamamilə dəyişib: “Əvvəlki təcrübəmiz onu göstərir ki, bir sıra hallarda bu şirkətlərə kənardan hansısa nəzarətin təmin edilməsi mümkün olmur. Yəni subyektiv səbəblərdən şirkətin idarəedicisinin kimliyi və ya hansı nüfuza sahib olmasından asılı olaraq vəziyyət dəyişir. Bu kimi insanlara dövlət əmlakının qeyri-səmərəli istiqamətdə istifadə edilməsi imkanlarının yaradılması doğru deyil. Post-müharibə dövründə Azərbaycan iqtisadiyyatının və işğaldan azad olunan ərazilərin bərpası kimi məqsədlərə çox böyük maliyyə resurslarına ehtiyac olacaq. Bütün istiqamətlərdə səfərbərlik vacibdir. Bunlardan biri də məhz dövlət əmlakının və dövlət şirkətlərinin idarə edilməsindən bu prosesə qatqının təmin edilməsi olmalıdır”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, AİH-in idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiq edilib.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.

AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:

- ilk 3 il ərzində (AİH-in nizamnamə fonduna ayrılmış vəsait nəzərə alınmaqla) dövlət büdcəsinin vəsaiti hesabına

- idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizinin AİH-ə ödənilməsi hesabına

- qanunla qadağan olunmayan digər mənbələrdən.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər