Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlıq komitəsinin sədri, “İtoçu” korporasiyasının icraçı vitse-prezidenti Yoiçhi Kobayashinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqlara Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılmış nailiyyətlər barədə məlumat verən Rövnəq Avdullayev qısa bir müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sisteminin yaradıldıığını diqqətə çatdırıb.
ARDNŞ-nin liderliyi ilə Azərbaycan neft-qaz sənayesində nəzərəçarpacaq uğurlar qazanıldığını vurğulayan “İtoçu” korporasiyasının icraçı vitse-prezidenti Yoiçhi Kobayashi isə Bakıya budəfəki səfərindən xüsusilə məmnun qaldığını söyləyib. O, təmsil etdiyi “İtoçu” korporasiyasının Azərbaycanla artıq 20 ilə yaxındır ki, sıx əməkdaşlıq etdiyini deyib. Həm neft, həm də qeyri-neft sektorunda müxtəlif layihələrdə tərəfdaş olduğunu xatırladan Yoiçhi Kobayashi həyata keçirdikləri beynəlxalq layihələr arasında AÇG layihəsinə xüsusi etimad göstərildiyini nəzərə çatdırıb və “İtoçu”nun digər layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirib.
“İtoçu” korporasiyasının Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətindən razılıqla söz açan ARDNŞ prezidenti Rövnəq Abdullayev ölkədə, o cümlədən neft-qaz sənayesində qazanılan uğurları yüksək qiymətləndirdiyinə görə Yoiçhi Kobayashiyə təşəkkür edib. Birgə layihələrin icrasının bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib. O, ARDNŞ-nin idarəçiliyində olan “Petkim” neft-kimya kompleksinin nəzdində layihə gücü ildə 10 milyon ton təşkil edəcək “STAR” neft emalı zavodunun inşasında birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Rövnəq Abdullayev “İtoçu” ilə ARDNŞ arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bu və digər layihələrdə əlverişli imkanların mövcud olduğunu qeyd edib. Tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Naibə