ABŞ-ın "Apple" şirkəti 2021-ci ilin ilk rübündə 100 milyard dolları keçən gəlirlə rekord artım qeydə alıb.
Teleqraf.com xəbər verir ki, müvafiq məlumatlar şirkətin dərc edilən maliyyə hesabatlarında verilib.
26 dekabr 2020-ci il tarixində bitən üç aylıq hesabat dövrünün nəticələrinə görə, şirkətin gəliri 111,4 milyard dollar təşkil edib. Bu göstərici şirkətin 91,8 milyard dollar gəlir əldə etdiyi daha öncəki eyni dövrünə nisbətən 21 faiz artıb.
Qeyd edilir ki, rüb ərzində şirkətin beynəlxalq satış payı 64 faiz artıb. Ümumilikdə "Apple" təxminən 2,4 trilyon dollarlıq kapitallaşmaya sahibdir.
"Facebook"un gəliri 2020-ci ilin dördüncü rübündə ötən ilin eyni dövrün göstəricilərinə nisbətən 33 faiz artıb. Müvafiq məlumatlar şirkətin maliyyə hesabatlarında verilib.
31 dekabr 2020-ci il tarixində bitən üç ayda "Facebook"un gəliri 2019-cu ilin eyni dövründəki 21,082 milyard göstəricisinə nisbətən 28,072 milyard dollar təşkil edib. Eyni zamanda, şirkətin illik gəliri 22 faiz - 85,965 milyard dollara yüksəlib.
Şirkətin keçən il IV rübündə xalis mənfəəti bir il əvvəlki 7.349 milyard dollarla müqayisədə 11,219 milyard dollara çatıb. İllik olaraq şirkətin mənfəəti 29,146 milyard dollara yüksəlib (2019-cu il - 18,485 milyard). Sosial şəbəkənin gündəlik istifadəçilərinin sayı il ərzində 11 faiz artaraq 1.84 milyard nəfər təşkil edib.
"Facebook" hesabatında 2020-ci ildəki iqtisadi müvəffəqiyyətinin böyük həcmdə onlayn ticarətə olan tələbdən qaynaqlandığı və bunun şirkət reklam gəlirlərində rüblük 31 faiz artmasına səbəb olduğu qeyd edilir.