15 Mart 2021 21:14
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda illik inflyasiya 3,7 faizə çatıb.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 103,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3 faiz təşkil edib.

Məlumata görə, cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin fevral ayına nisbətən 104,2 faiz təşkil etib.

2021-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 105,2 faiz təşkil etib.

İqtisadçı Natiq Cəfərli Teleqraf.com-a bildirib ki, Azərbaycanda inflyasiyanın hesablanma qaydaları beynəlxalq standartlara uyğun deyil: “Uzun illərdir hökumətin inflyasiyanı hesablama qaydaları ilə bağlı müstəqil ekspertlərin çağırışlarına və yanaşmalarına cavab verməməsi təəssüf doğurur. Çox zaman elan olunan inflyasiya reallığı əks etdirmir. Hesablama qaydalarında olan problemlər düzgün diaqnostikanı aparmağa imkan vermir. Bu gün əlimizdə doğru rəqəmlər olsaydı, inflyasiyanı yaradan səbəblər haqqında daha dərin araşdırmalar aparmaq mümkün olardı.

Hesablama qayddaları ilə bağlı suallar var, amma inflyasiyanın sürətlə artması artıq rəsmi rəqəmlərdə də özünü göstərir. Hazırda ölkəmizdə inflyasiya 4 faizə yaxınlaşır. Dünya iqtisadi ədəbiyyatında 5 faizə yaxın inflyasiya ciddi problem sayılmır, bir şərtlə ki, real proseslər inflyasiya sürətinin bu həddə olduğunu göstərsin.

Rəsmi rəqəmlərə əsasən, kommunal xidmətlərdə 2.3 faiz qiymət artımı olub. Amma “Azərsu”yun əhaliyə satdığı suyun qiyməti 2 dəfə artıb. Bunu bütün kommunal xidmətlərə koreliyasiya etsək, artım özünü daha çox büruzə verməli idi. Amma bu rəqəmin həqqiəti əks etdirib-etdirməməyi sual doğurur. Hesab edirəm ki, inflaysiyanın hesablanması qaydasında beynəlxalq standartlara uyğun yanaşmaya ehtiyac var”.

Analitikin sözlərinə görə, inflaysiyanın sürətlənmə prosesi yaxın aylarda da davam edəcək: “Yerli məhsullar bazarlara təqribən aprel ayından çıxır. Yerli kənd təsərrüfatı məhsullarının bazarlara yeni qiymətlərlə çıxması gözlənilir. Çünki dizel yanacağının qiymətinin artması kənd təsərrüfatı məhsullarının maya dəyərinə kifayət qədər ciddi təsir göstərəcək. Bir sözlə, inflyasiya artımı yaxın gələcəkdə daha da nəzərəçarpacaq olacaq.

Yaxın aylarda rəsmi inflyasiyanın 4 faizi keçməsi ehtimal olunur. İki ayın rəsmi nəticələri də bunu deməyə imkan verir. Təəssüf ki, məlumatlara çıxış imkanımız məhduddur, buna görə də Azərbaycanda alternativ inflyasiyanı hesablamaq çətindir. Halbuki bir çox ölkələrdə bu praktika var.

Məsələn, qonşu Türkiyədə rəsmi statistika idarəsindən başqa TUSİAB-ın, iş adamları birliklərinin, eləcə də həmkarlar komitəsinin ayrıca hesablama qaydaları var. Ümumi inflyasiya səviyyəsi yoxlanılır, rəqəmlərin bir-birinə uyğun gəlməsi üçün hökumət də öz inflyasiya rəqəmlərini hesablayarkən alternativ hesabatları nəzərə almaq məcburiyyətində qalır.

Buna görə də Türkiyədə inflyasiya ikirəqəmlidir və bunu gizlətmək mümkün deyil. Təəssüf ki, Azərbaycanda inflyasiyanı təkcə Dövlət Statitstika Komitəsi hesblayır. Əgər alternativ hesablamalar olsa, ən azından ərzaq inflyasiyasının daha yüksək olduğu üzə çıxar”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər