“Təbii amillər nəzərə alınarsa, yaxın 4-5 il ərzində Kürdən suyun artması qeyri-mümkündür”.
Bunu Teleqraf.com-a AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib.
O, bu nəticəyə qlobal iqlim şəraitinin dəyişməsi və Kür-Araz hövzəsinə daxil olan ölkələrin su istehlakının artmasına dair araşdırmasından sonra gəlib: “Ötən ildən başlayaraq Kür çayında suyun səviyyəsinin kəskin şəkildə azalması müşahidə olunur. Kür çayına adi su kimi baxmaq lazım deyil, bu, Azərbaycan təbiətinin ayrılmaz hissəsidir.
Bütövlükdə Azərbaycan təbiətində biomüxtəlifliyin qorunmasında, təbii və antropogen ekosistemlərin inkişafında və formalaşmasında Kürün əvəzsiz rolu var. Bəzən Kür bərəsinə ekoloji koridor da deyirik. Yəni o bizim təbiətin bütövləşməsi üçün dəhliz rolu oynayır. Bu mənada Kürdə gedən istənilən proses təbiətimizdə gedən prosesin təzahürüdür.
Son dövrlər bütün dünyada olduğu kimi, Cənub-şərqi Asiya ölkələrində su çatışmazlığı çox kəskin şəkildə özünü göstərir. Yaxın vaxtlarda bu təsirlər Gürcüstanda da aşkarlanacaq. Hələlik onlardan çox səs çıxmır, çünki Gürcüstanın çay sistemi, səth suları ölkəmizdən fərqli formalaşır”.
Akademik deyir ki, Azərbaycanın ən böyük əkinçilik işləri Kürqırağı zonalarda aparılır: “Bu da suvarma əkinçiliyinə əsaslanır. Kürdə suyun azalmasını Neftçaladan başlamış Sabirabada qədər aydın görmək olur. Əslində, bu aylar Kür çayında suyun səviyyəsinin ən çox olduğu dövrlərdir. Dağlarda əriməyə başlayan qar suları Kür çayına gətirilməli idi və həmin ərinti suları sayəsində çayda bolsulu dövr müşahidə edilməli idi. Adətən bu proses 1 ay çəkir, amma indi biz bunu müşahidə etmirik. Yaxın 2-3 il ərzində suya həddən artıq qənaət etməliyik. Kür çayının qorunması üçün ən vacib tədbirləri həyata keçirməliyik.
Doğrudur, Kür çayının suyunun qurumasını iqlim dəyişmələrinə bağlayırıq. Bütün dünya deyir ki, iqlim dəyişmələri fonunda quraqlıq artır, havanın temperaturu yüksəldikcə buxarlanma çoxalır, yağıntının miqdarı azalır. Bu istiqamətdə alimlərimiz kifayət qədər tədqiqatlar aparıb və qeyd olunanlar sübuta yetirilib.
Kürün qurumasında ikinci ən mühüm səbəb antropogen amillərə bağlıdır. Son 10-15 ildə apardığımız müşahidələr Kür hövzəsinə tökülən çaylar üzərində olan su anbarlarının kifayət qədər su yığa bilmədiyini göstərdi. Bundan əlavə, bir sıra göllərimiz qurumuşdu. Bu əlamətlər Kürün qurumasına gətirib çıxarmalı idi. Biz bunu tezliklə gözləmirdik, amma bu, artıq baş verib.
Antropogen amillər içərisində müxtəlif faktorlar var. İşğal olunmuş ərazilərdə ermənilər Kür hövzəsinə aid çayların üzərində iri su anbarları tikmişdilər. Bura yığılan su Kür, Araz çaylarına suyun gəlməsinə imkan vermirdi. Azərbaycanın işğal altındakı bölgələrinə qarşı Ermənistan tərəfindən ekoloji terror uzun illər davam edib. Su çatışmazlığı və iqlim dəyişmələri dövründə belə bir hərəkəti ancaq düşməndən gözləmək olardı”.
Mirnuh İsmayılovun sözlərinə görə, bəzi çayların üzərində qeyri-qanuni yollarla suvarma və digər məqsədlə su anbarları inşa olunub: “Ekoloji axın təmin olunmayanda Kür çayına su gedib çatmır. Aidiyyəti dövlət qurumları Kürdə suya nəzarət etməlidir. Bu nəzarət mexanizmi yoxdur, hərə öz istədiyi kimi Kürdən su götürür. Biri özü üçün anbar tikib suyu yığır, digəri özbaşına balıqyetişdirmə nohurları saxlayır. Qeyri-qanuni şəkildə Kürboyu ərazilərdə balıq vətəgələri var.
Kim necə istədi suyu götürüb istifadə etməməlidir. Kürün yuxarı hissələrindən həddən artıq çox su götürüləndə aşağı hissələrə su gəlib çatmır. Bundan ən çox əziyyət çəkən də Neftçala və Salyan rayonlarıdır. Bu rayonların taleyi bilavasitə Kür çayından asılıdır. Rayon ərazisinə gələn kanallar da onları təmin etmir. Neftçalada, Salyanda təsərrüfatın yerləşmə strukturuna fikir versək görərik ki, hər şey Kür çayına görə hesablanıb. Hər şeyi idarə edən Kür çayı və ondan ayrılan qollardır. Əgər bunlar olmasa, o ərazilərdə yaşayan əhalinin həyat tərzi demək olar ki, tamamilə dəyişər”.
Mütəxəssis Kürdə suyun azalmasının digər səbəbini xarici amillərdə görür: “Məlumdur ki, Kürə gələn suyun əsas hissəsi xarici ölkələrdən formalaşır. Bu ölkələrin də suya olan tələbatı artır. Bu artıq siyasi məsələyə çevrilir. Bu baxımdan dövlətin siyasi qurumları bu məsələ ilə mütləq məşğul olmalıdır. Türkiyə, İran, Rusiya, Gürcüstan, hətta Ermənistanla qurulan siyasi münasibətlər çərçivəsində Kür çayının problemi həll olunmalıdır.
Bununla yanaşı, suvarma sistemlərində olan problemlər də Kürdə suyun azalmasına gətirib çıxarır. Ölkəmizin suvarma sistemləri çox köhnədir, mövcud suvarma sisteminin 30 faizini yararlı saymaq olar. Bəzi kanallara beton örtüyü çəkilib, amma apardığımız müşahidələrə görə, hətta bu beton örtüklərdən də sızmalar olur. Bu sızmalar ətraf sahə landşaftlarında müəyyən şoranlıqlar, bataqlıqların, sucaq sahələrin əməl gəlməsinə səbəb olur. Artıq vəhşi sulama üsulları geridə qalıb. Müasir suvarma sistemlərini tətbiq etmədən Kürdə olan suyu qorumaqda çox çətinlik çəkəcəyik”.
Analitik hazırda analoji problemin 5-6 ildir ki, Araza çayında da özünü göstərdiyini deyib: “Araza İran ərazisindən tökülən çaylardan bu ölkə həddən artıq çox istifadə edir. Nəticə etibarilə Arazın Azərbaycana daxil olan hissəsində su azalır. Müşahidələrimiz göstərir ki, son 4-5 ildə Araz çayının kənarında yaşayan kəndlərdə çox ciddi problemlər əmələ gəlib. Bu müddət ərzində Kənd Təsərrüfatı Nazirliyi və yaxud digər aidiyyəti qurumlar bu problemi görməyiblərmi? Problemin həlli alimlərin işi deyil, idarəetmə orqanları hərəkətə keçməlidir”.
Alim belə düşünür ki, Azərbaycanın yeraltı sularından kifayət qədər səmərəli istifadə olunmur: “Kür dağarası çökəkliyinin bufer zonalarında kifayət qədər yeraltı sular var. Həmin suları qidalandıran da çayların gətirdiyi sulardı. Bu sulardan istifadə olunmalıdır. Ərazilərin suvarılması üçün Kürdən istifadə yolverilməzdir. Kür öz sahilinin tələbatını güclə ödəyir. Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarına çox su gedir. Bu gün Mingəçevir su anbarı da kifayət qədər su ehtiyatı yığmır, burada da problemlər olmalıdır.
Əslində, suvarmanın yenicə başladığı dövrdə Kürə kifayət qədər su gəlməli idi, elektrik enerjisi istehsal olunmalı idi. Amma biz bunu müşahidə etmirik. Hələ də ötən ilki vəziyyət Kürün aşağı axınında davam edir. Alternativ su mənbələrdən geniş istifadə etmək lazımdır”.
Belə davam edərsə, Kürü itirə bilərik?
Mirnuh İsmayılov iqlimlə bağlı olduğuna görə proqnoz verməyin çox çətin olduğunu deyir: “Alimlərimiz tərəfindən ötən əsrin 70-ci illərində tədqiqat aparılmışdı. Həmin araşdırmaya görə, XIX əsrin 80-ci illərindən başlayaraq XX əsrin 80-ci illərinə kimi dövr müxtəlif mərhələlərə ayrılıb. Biri quraqlıq, digəri rütubətli dövrü əhatə edən müddət 50-55 il davam edir. Həmin proqnoza görə, hazırda quraq dövrünü yaşayırıq. Belə nəticəyə gəlmək olur ki, Kürdən suyun bərpası haqqında məsələni iqlimlə bağlamamalıyıq, bu, birbaşa öz əlimizdədir. Yaxın 4-5 il ərzində Kürdən suyun artması təbii amillə nəzərə alınarsa, xeyli çətindir. Kür həyəcan təbili çalır, artıq qırmızı işıq yanır. Bu məqamda hamı əl-ələ verib bu məsələni həll etməlidir”.