“Yeni turizm mövsümünün başlanmasına az zaman qaldığı bir vaxtda ölkəyə səfərlər bağlı sərt qaydaların dəyişdirilməsinə ehtiyac var”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat Dövlət Sərhəd Xidmətinin məlumatına istinadən bildirib ki, bu ilin birinci rübündə ölkəmizə gələn turistlərin sayında azalma davam edib: “Belə ki, həmin müddətdə Azərbaycan 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə xarici gəlib. Səfər edənlərin çoxu əsasən qeyri-turizm məqsədilə ölkəmizə gəliblər.
Rəsmi statistikaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin sayı 11,9 dəfə, Türkmənistandan - 8,9 dəfə, Qazaxıstandan - 7,7 dəfə, Özbəkistandan - 5,2 dəfə, Rusiya Federasiyasından - 4,1 dəfə, Ukraynadan - 3,7 dəfə, Böyük Britaniyadan - 3,6 dəfə, Belarusdan - 2,1 dəfə, Türkiyədən - 1,9 dəfə, İrandan - 1,6 dəfə azalıb”.
İqtisadçı deyir ki, COVID- 19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən olub: “Bununla belə, yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq ölkəyə səfərlər bağlı sərt qaydaların dəyişdirilməsinə ehtiyac var. Belə ki, əgər icazə verilən meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi varsa da belə, ölkəmizə daxil ola bilməz.
Halbuki test nəticələri neqativ olan əcnəbilərin potensial virus yayıcılıq riski ciddi şəkildə aşağıdır. Buna görə də, bu şəxslərin səfərləri epidemioloji baxımdan hər hansı ciddi təhlükə yaratmır”.
Xatırladaq ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər.