1 May 2021 21:34
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda “e-Satınalma” portalında rəqəmlər od tutub yanır. 4-5, hətta bəzi 6 rəqəmli məbləğlər ictimai maraq baxımından adiləşib”.

Teleqraf.com xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu qənaətdədir.

O, təəssüflə bildirib ki, yerli “e-Satınalma” portalı digər ölkələrin uyğun portallarından fərqli olaraq ictimai nəzarət imkanları baxımından funksional deyil: “İnfoqrafikalar təqdim olunmur. Hansısa müqayisələr, ümumiləşdirmələr, araşdırmalar aparmaq üçün gərək xeyli vaxt və enerji sərf edəsən. Sanki kimsə qəsdən bu portalı elə hazırlatdırıb ki, onun ictimai nəzarət imkanları məhdudlaşdırılsın, effektiv müqayisələr aparmaq mümkün olmasın.

Portal Antiinhisar Dövlət Xidmətinin sifarişi ilə Vətəndaşlara Xidmət və Sosial İnnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanıb və onlar tərəfindən də xidmət göstərilirdi.

Düşünürəm ki, portalın tam olaraq Antiinhisarın nəzarətinə keçməsi və ictimai nəzarət baxımından təkmilləşdirilməsi olduqca vacibdir. Ötən ay Hesablama Palatası fəaliyyəti ilə bağlı Hesabat dərc etmişdi. Orada olduqca heyrətləndirici, ictimai əhəmiyyət kəsb edən faktlar vardı.

Təsəvvür edin ki, 2019-cu ildə dövlət satınalmalarına xərclənən 5.7 milyard manat vəsaitin 75%-i cəmi 4.5% təchizatçı şirkətə gedib. İctimai vəsaitlərin bu dərəcədə ədalətsiz bölgüsünü dövlət qurumu da açıqlayıb”.

Ekspert portala nəzərən qeyd edib ki, dövlət İT xərclər üçün yetərincə böyük vəsaitlər ayırır, ağlasığmaz rəqəmlər var: “Hansısa dövlət qurumu bir İT sistem hazırlamağa vəsait ayırıb, İT şirkətin hazırladığı sistem çöküb, ondan sonra ona yenidən bir neçə dəfə çox vəsait ayrılır. Hansısa proqram təminatının hazırlanması, onun təkmilləşdirilməsi, ona xidmət göstərilməsi adı ilə milyonlarla vəsaitlər ayrılır.

“e-Satınalma” portalına nəzər saldıqda da görünür ki, İT xərclərin bölgüsündə ədalətsizlik, rəqabətsizlik və vəsaitlərdən səmərəsiz istifadə halları var. Resursların böyük əksəriyyəti cəmi bir neçə İT şirkət üzərində cəmləşib.

Görünən odur ki, son zamanlar hökumətin bu sahədə şəffaf və rəqabətli mühitin formalaşması üçün atdığı addımlar, tenderlərin elektron qaydada keçirilməsi mexanizmləri də vəziyyəti tam olaraq düzəldə bilməyib.

Real vəziyyət odur ki, saxta şirkətlər hələ də satınalmalarda qalib gələ bilir, elektron satınalma sistemi dövlət satınalmaları sahəsində şəffaflıq və rəqabətli mühit, effektiv nəzarət üçün yetərli olmayıb.

Hesablama Palatasının və Antiinhisar Dövlət Xidmətinin təqdim etdiyi illik hesabatlardan görünür ki, bu sahədə müəyyən işlər görülsə də, uzun illər mövcud olan problemlər hələ də öz həllini gözləyir”.

Osman Gündüz hesab edir ki, antiinhisar tədbirləri sərtləşdirilməli, Antiinhisar Xidmətin rolu gücləndirilməlidir: “Düşünürəm ki, dövlət satınalmalarında daha effektiv ictimai nəzarət imkanları yaratmaq və genişlədirmək , dövlət nəzarətini gücləndirmək və qanunvericiliyi daha da təkmilləşdirmək olduqca vacibdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər