Ötən gün Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edildi. Hazırda “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edir.
Bu arada “Aİ-92” markalı benzinin istehsalının ləğv olunacağı barədə iddialar səslənir. Buna səbəb kimi, bu markalı benzinin dünyanın əksər ölkələrində istifadə edilməməsi göstərilir. Hazırda 50-yə yaxın ölkədə ekoloji zərərinə görə “Aİ-92” markalı benzin işlənilmir.
Qeyd edək ki, yerli istehsal olunan “Aİ-92” markalı benzin 1 litrinin qiyməti 1 manatdır.
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Teleqraf.com-a bildirib ki, “Aİ-92” markalı benzin istehsalı davam edəcək: “Hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunda “Aİ-92” benzini və dizel istehsal edilən əsas yanacaq növləridir. Bu yanacaq növlərinin ölkə daxilində istehlakı illik yanacaq istehlakının təxminən 98 faizini təşkil edir. Yəni bu gün ən çox tələbat olan yanacaq növüdür.
Premium və super markalı benzinlərə olan tələbat isə ümumi istehlakın cəmi 2 faizini təşkil edir. Lakin gələcəkdə premium markalı benzinə tələbatın artması gözlənilir. Bunun səbəbi Avropada və başqa ölkələrdə yeni nəqliyyat vasitələrində daha çox premium və super markalı benzindən istifadə olunmasıdır. Yəni avtomobil modellərinin idxalı artdıqca, bu benzin növlərinə tələbatın artdığını təxmin edə bilirik. Lakin bu, birdən-birə yox, tədricən baş verəcək. İllər keçdikcə “Aİ-92” markalı benzininə tələbat azala, premium markalı benzinə isə tələbat arta bilər”.
Qurum rəsmisi deyir ki, emal zavodlarında modernizasiya işləri tamamlandıqdan sonra 2022 və 2023-cü illərdə Azərbaycanda “Avro-5” standartına cavab verən dizel və premium benzininin istehsalı nəzərdə tutulub: “Paralel olaraq “Aİ-92” benzininin daha yüksək keyfiyyətdə istehsalı davam edəcək. “Aİ-92” markalı benzin hələ uzun müddət istehsal olunacaq. Həmçinin dizel yanacaq növü də Avropa standartların uyğunlaşdırılacaq.
Əgər gələcəkdə ölkədə “Aİ-92” benzininə tələbat çox aşağı səviyyəyə düşərsə, bu benzin növünün istehsalının dayandırlmasına və başqa növə keçilməsinə də baxıla bilər. Hazırda gündəlikdə belə bir məsələ yoxdur. “Aİ-92”-yə paralel olaraq yaxın illərdə premium yanacaq növünün də istehsal olunması nəzərdə tutulub”.
İbrahim Əhmədovun sözlərinə görə, ötən il Azərbaycanda təxminin 1,3 milyon tondan çox dizel, 1 milyon tondan çox “Aİ-92” markalı benzin istehlak olunub: “Bir il ərzində təxminən 800 min tona yaxın dizel ixrac olunub. Ölkəyə idxal olunan yanacağın həcminin 50 milyon tondan çoxunu premium, 2,6 min tondan çoxunu isə super markalı benzin təşkil edib. Yəni premium və super markalı yanacaq ümumi istehlakın çox cüzi bir hissəsini təşkil edib, cəmi 2 faizini”.