20 Oktyabr 2021 12:54
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

“5 qəsəbə və 79 kəndə sahib olan Zəngilan rayonu Azərbaycanın cənub-qərbində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Füsunkar təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var ki, burada da turizmin inkişafı əhəmiyyətli rol oynayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Zəngilan rayonu təbii ehtiyatlarının çoxluğuna görə də fərqlənir: “Belə ki, rayonun Vejnəli kəndində 6.5 ton qızıl ehtiyatı mövcuddur və güman olunur ki, müasir texnologiya ilə qiymətləndirmə aparılan zaman daha çox ehtiyatların aşkarlanması mümkün olacaq. Vejnəli yatağı eyni zamanda filiz, gümüş, mis ehtiyatları üzrə də məşhurdur.

Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək digər amil onun strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin - yeni nəqliyyat xətlərinin istifadəsi olacaq ki, bu da rayonu bölgənin logistik habına çevirəcək”.

İqtisadçı Horadizlə Zəngilanı birləşdirəcək dəmir və avtomobil yollarının inşaatının sürətlə davam etdirildiyini də deyib: “Zəngilana gedən zaman yolboyu texnika və avadanlıqların intensiv işləməsinin şahidi olmaq mümkündür. Eyni zamanda Zəngilanda inşa ediləcək Beynəlxalq Hava Limanı inşaatı ilə bağlı da işlər sürətlənir. Uzun illər işğal altında qalan torpaqlarımız bərpa edilir və yenidən qurulur. Tezliklə bu yerlərə gülüş və həyat yenidən qayıdacaq. Qarabağ Azərbaycandır! Zəfərimiz əbədi olsun. Allah şəhidlərimizə rəhmət etsin”.


Müəllif: Yeganə Oqtayqızı