3 Noyabr 2021 19:00
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə yenidən baxılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov çıxış edib.

Deputat hesab edir ki, avtomobillərin idxalı ilə bağlı vergilərin yüksək olması Azərbaycanda avtomobil parkının köhnəlməsinə gətirib çıxarır: “Təklif edilən dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı növbəti ildən 3 il müddətinə vergidən azad olunacaq. Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı gələn ildən 3 il müddətinə vergiyə cəlb olunmayacaq.

Digər dəyişikliyə görə, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə ödəniləcək aksiz dərəcələrinin artırılacaq. Həmçinin idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi benzin avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.

Hesab edirəm ki, 3 il istifadə müddəti 5 illə əvəz olunmalıdır, eləcə də nisbətən aşağı mühərrikli yeni avtomobillərin idxalı zamanı aksiz dərəcəsi və vergi azaldılmalıdır. Avtomobillərin idxalı ilə bağlı vergilərin yüksək olması Azərbaycanda avtomobil parkının köhnəlməsinə gətirib çıxarır. Avtomobil parkının köhnəlməsinin qarşısını almaq istəyiriksə, yeni istehsal olunan avtomobillərin idxal xərclərinin azaldılması, vergilərə yenidən baxılmasına ehtiyac var”.

Vüqar Bayramov hesab edir ki, büdcə daxilolmalarında ƏDV-dən gələn daxilolmalar mənfəət vergilərindən gələn daxilolmalardan yenə də çoxdur: “Biznes və sahibkarlar üçün qanunvericiliyin və qaydaların uzunmüddətli dövrdə stabil qalması daha vacibdir. İstər yerli, istər xarici sahibkar, iş adamı bunda maraqlıdır. Daha uzun dövrü əhatə edən yeni Vergi Məcəlləsi hazırlanmalı, yeni sənədə orta hesabla 10 il ərzində cüzi dəyişikliklər edilməsi məqsədə uyğun olar”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər