11 May 2022 09:05
1 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün ABŞ-a köçmək istyənlərin qatıldığı “Green Card” lotereyasının nəticələri açıqlandı.

Teleqraf.com xəbər verir ki, hər il dünyada milyonlarla insan ABŞ-da işləyib yaşamaq üçün bu lotereyaya qoşulur və limitli sayda şəxs buna nail ola bilir.

Azərbaycandan hər il “Green Card” udmaq istəyənlərin bir hissəsi həmin xidmət üzrə ixtisaslaşan “Greencard Azərbaycan” şirkətinə müraciət edir. Şirkətdən Azərbaycan üzrə olunan müraciətlərin statistikasını öyrənmək istəsək də, cəhdimiz alınmadı.

Hələlik Azərbaycandan bu müsabiqədə iştirak üçün ərizə verənlərin sayı haqqında dəqiq statistika yoxdur, amma, çox güman ki, onların sayı ötən il olduğundan xeyli çoxdur. Hər il demək olar ki, Amerikada yaşamaq istəyənlərin müraciətlərinin sayının artdığını görmək olur.

İqtisadçı-alim Vüsalə Əhmədova Teleqraf.com-a Amerikaya axının səbəblərindən, üstünlük və dezavantajlarından danışıb.

Ekspert bildirib ki, “Green Card” ABŞ Miqrasiya və Vətəndaşlıq Qanununun 203 "c" maddəsinə əsasən, ABŞ-da daimi yaşamaq və işləmək hüququ verən sənəddir: “Sənəd ingiliscə “Permanent Resident Card” adlanır, yəni, Daimi Yaşayış Kartı. Yaşıl rəngdə olduğu üçün də “Green Card” kimi tanınır.

ABŞ-da daimi yaşayış üçün icazəsi olan bütün miqrantlara bu sənəddən verilməkdədir. “Green Card” əldə etməyin müxtəlif üsulları var, lakin bunlardan ən sadəsi 1990-cı ildən etibarən hər il təşkil olunan “Diversity Visa Lottery Program” sayılır. Bu, bir növ ABŞ Xarici İşlər Nazirliyi tərəfindən keçirilən lotereya uduşudur. Bir çox şəxs “Green Card”ı vətəndaşlıqla qarışdırır. Nəzərinizə çatdırım ki, bu sənəd vətəndaşlıq hüququ vermir, ancaq seçmək və seçilməkdən başqa ABŞ vətəndaşları ilə eyni hüquqları əldə etmə imkanını təmin edir.

ABŞ vətəndaşı olmaq üçün isə “Green Card” sahibinin ən az beş il daimi olaraq ABŞ-da yaşaması, heç bir cinayət, xüsusilə ağır cinayət törətmiş olmaması tələb olunur. İndiyə qədər mövcud 13,2 milyon “Green Card” sahibindən 8,9 milyonu ABŞ vətəndaşlığını qəbul edib”.

Müraciətə gəlincə, Vüsalə Əhmədova qeyd edib ki, ilkin şərt lotereyada iştirak hüququna sahib ölkənin vətəndaşı olmaqdır:

“ABŞ hökuməti hər il lotereyada iştirak hüququ olmayan ölkələrin siyahısını açıqlayır. Bir sıra ölkələr var ki, onlardan ABŞ-da çox sayda miqrant mövcuddur. Məsələn, Çin, Kanada, Meksika kimi ölkələrə lotereyada iştirak hüququ verilmir.

Digər şərtlərə gəlincə, ərizəçinin 18 yaşdan yuxarı olması, ən az orta məktəb və ya orta ixtisas təhsilinin olması və ya son 5 ildə ixtisası üzrə ən az 2 illik iş təcrübəsinin olması tələb olunur. Evli cütlüklərdən biri qalib gələrsə, həyat yoldaşı və yaşı 21-dən az olan uşaqları da qalib sayılır. Müraciət etmək üçün ingilis dil biliyi və ya maliyyə imkanları kimi şərtlər tələb olunmur.

Müraciətlər tamamlandıqdan sonra "Kentukki" Konsulluq Mərkəzində (Kentucky Consular Center) toplanır və bölgələr üzrə ayrılaraq nömrələnir. Çəkiliş kompüter vasitəsilə avtomatik qaydada həyata keçirilir, nəticələr isə internet saytında elan edilir. Bundan sonra artıq hər şey vətəndaşın şəxsi bacarıq və qabiliyyətindən asılıdır.

Qalib gələn şəxs “Green Card” əldə etmək üçün namizəd sayılır. Həmin şəxs bundan sonra lazımi sənədləri toplayaraq ABŞ konsulluğuna müraciət etməlidir. Konsulluqda aparılan müsahibə nəticələri qənaətbəxş olarsa, yalnız bundan sonra ABŞ-a getmək üçün viza hüququ əldə edir.

Nəzərinizə çatdırım ki, kompüter vasitəsilə dünya üzrə təxminən 110 min insan təsadüfi seçilir, hansı ki, bunlardan cəmi 55 min nəfərə “Green Card” verilir. Məsələn, 2020-ci ildə dünya üzrə 14 milyon 722 min 798 müraciət edilib ki, bunlardan 83 min 884 nəfər lotereyanın qalibi olub. Onların arasından cəmi 19 min 125 nəfərə viza verilib. Azərbaycandan 2020-ci ildə 91 min 137 müraciət edilib, ailə üzvləri ilə birgə 899 nəfər qalib olub, onlardan cəmi 189 nəfərə viza verilib. Azərbaycan üzrə ən çox müraciət 2019-cu ildə (93 min 736), ən az müraciət isə 2008-ci qeydə alınıb (6 min 736)”.

Analitik hesab edir ki, “Green Card” əldə etməyin bir sıra üstünlükləri var: “Öncə ABŞ-a istədiyiniz kimi giriş-çıxış hüququ əldə edirsiz, ayrıca, Meksika və Kanadaya da viza olmadan giriş-çıxış edə bilərsiz. Təhsil almaq istəyən “Green Card” sahibləri dövlətin təmin etdiyi təqaüd proqramlarına müraciət edə bilirlər. Xarici vətəndaşların ödədiyinin yarısı qədər təhsil haqqı ödəməklə ABŞ universitetlərində təhsil almaq şansı əldə edirsiniz. Əlavə iş icazəsi almadan ABŞ-da işləyə, iş qura və ya şirkət aça bilərsiniz. ABŞ qanunlarına müvafiq olaraq təqaüd yaşına çatmış şəxslər bu ölkədən təqaüdə çıxma imkanı əldə edirlər və təqaüdçülərə verilən digər güzəştlərdən faydalana bilirlər. Bu zaman şəxsin ölkəsində mövcud pensiya fondu da ABŞ-a köçürülür. Ayrıca, vətəndaşlıq üçün müraciət etmək imkanı əldə edilir, vətəndaş olmaq istəməyənlər isə həyatlarının sonuna qədər “Green Card” ilə ABŞ-da yaşaya bilirlər.

Bəzi ölkələr ikili vətəndaşlığa icazə verir. Məsələn, Türkiyə vətəndaşları öz ölkələrinin vətəndaşlığından çıxmadan ABŞ vətəndaşlığını qəbul edə bilirlər. “Green Card” sahibləri daha aşağı faizlə ABŞ banklarından kredit götürmək imkanına malik olurlar. ABŞ-da bir çox fəaliyyət növləri üzrə lisenziyalar var ki, bunları almaq üçün “Green Card” sahibi olmaq tələb olunur.

Bundan əlavə, mülk sahibi olmaq, dövlətin verdiyi müxtəlif sosial yardımlardan faydalanmaq, işsizlik yardımı almaq hüququ verilməkdədir. Siyasi partiya və ya siyasi orqanda vəzifə tutma hüququ verilməsə də, seçim kampaniyalarında iştirak etmək hüququ əldə edilir. Onu da qeyd edim ki, 8 il ABŞ-da yaşadıqdan sonra bu ölkədən birdəfəlik köçmək istəyən “Green Card” sahibləri müəyyən miqdar əlavə vergi ödəməlidirlər. Bundan başqa, 18-25 yaş arasındaki kişi cinsinə malik şəxslər üçün hərbi xidmət məcburidir. “Green Card” sahibi gəlir vergisi də daxil ABŞ vətəndaşlarının ödədiyi bütün vergilərə mükəlləfdir”.

Müsahibimiz deyir ki, “Green Card” verməkdə ABŞ-ın məqsədinin əhali müxtəlifliyini balanslaşdırmaqla izah edilir: “Ancaq sirr deyil ki, bu bir beyin köçüdür. Düşünürəm ki, bu proseslə ABŞ ixtisaslı insan resurslarına olan ehtiyacını ödəməyi hədəfləyir. Az əvvəl də qeyd etdiyim kimi, məlum lotereyanın qalibi olan hər kəsə “Green Card” verilmir. Yalnız konsulluqda keçirilən müsahibədən sonra şəxsin “Green Card” sahibi olub-olmayacağı məlum olur. Bu zaman elm adamlarına böyük üstünlük verilir.

İxtisaslı kadrlara, müxtəlif sahələr üzrə texnologiya və elmə töhfə vermiş insanlara, patenti və kəşfləri olanlara, doktorluq təhsili alanlara, jürili beynəlxalq elmi nəşrlərdə elmi məqalələri dərc olunmuş şəxslərə, elmi fəaliyyətlərinə görə titulları və mükafatları olanlara üstünlük verilir. Amerika hökuməti öz ölkəsinin bu gün və sabah ehtiyac duyacağı ixtisaslı, qeyri-adi istedad və bacarığa malik olan şəxslərin bir növ transferini həyata keçirir. Beyin axınını təmin etməyin ən praktik üsuludur demək olar. Ayrıca, elm adamlarına “Green Card” əldə etmə imkanı verən EB2 NIW (National Interest Waiver) viza növü də var ki, o da bu məqsədə xidmət edir. Bu viza elm adamlarına lotereyada iştirak etmədən də “Green Card” əldə etmə hüququ verir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər