18 May 2022 23:55
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya təcavüzü dünya ölkələrinin kütləvi şəkildə ixrac qadağaları tətbiq etməsinə səbəb olub. Bir çox ölkələr inflyasiya və ərzaq təminatı təhlükəsizliyi kimi narahatlıqlar səbəbindən buğda və bəzi digər ərzaq məhsullarının ixracını qadağan edib və ya onu məhdudlaşdırıb. Hindistan bu istiqamətdə addım atan sonuncu ölkə oldu. Bu qərardan sonra bazar ertəsi buğdanın qiymətləri təxminən 6 faiz artdı.

Ukrayna böhranı və qlobal inflyasiyanın artması ilə əlaqədar bir çox ölkələr əsasən günəbaxan, qarğıdalı, palma yağlarının, həmçinin şəkər, gübrə və müxtəlif taxıl növlərinin ixracına qadağa qoyub.

Hindistanla yanaşı, Rusiya, Ukrayna, Misir, Türkiyə, Qazaxıstan, Kosovo və Serbiya da buğda və digər strateji ərzaq məhsullarının ixracına müvəqqəti qadağa qoyan ölkələr sırasında yer alıb.

Türkiyə mart ayında ət və günəbaxan yağı ixracını dayandırmaq qərarına gəlib. Argentina, Misir, İndoneziya, İran, Qazaxıstan, Tunis və Küveyt müharibə başlayandan bəri bəzi ərzaq məhsullarının ixracına qadağa qoyan ölkələr sırasındadır.

Qeyd edək ki, bu ildən Azərbaycan da 28 adda malın idxalına məhdudiyyət qoyub. Nazirlər Kabineti “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərar imzalayıb. Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir. Dünya miqyasında baş verən hadisələr fonunda, zərurət yaranacağı təqdirdə bu müddətin uzadılacağı deyilir.

Analitiklərin fikrincə, müharibə davam etdikcə, ölkələr ticarətini məhdudlaşdıracaq, məhsul ixracına da qadağa davam edəcək.

Həftə sonu G-7 ölkələri təcili olaraq Ukraynadan taxıl ixracına alternativ axtardıqlarını bəyan etdilər və Rusiyanın apardığı müharibənin qlobal aclıq böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq yaydılar.

Maraqlıdır, ixrac qadağalarının kütləviləşməsi qlobal aclıq böhranına səbəb ola bilərmi?

İqtisadçı Xalid Kərimli Teleqraf.com-a bildirib ki, ölkələr ixracla bağlı qərarlarını daxili bazarı məhdudiyyətlər şəraitində qorumaq istəmələri ilə izah edir:

“Rusiya iyunun 30-na qədər şəkər məhsullarına, avqustun 31-nə qədər isə Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrə taxıl idxalına məhdudiyyət qoyub. Türkiyə Azərbaycan və Kipr olmaqla bir çox məhsulların ixracına qadağa qoydu.

Hindistan dünya taxıl istehsalının 14 faizini, ixracının isə 1 faizə qədərini qarşılayır. Bu o deməkdir ki, Hindistan çoxlu taxıl istehsal edir, ancaq əhalisi çox olduğu üçün yerli istehsal daxili tələbata yönəlir. Yəni dünya ticarətində Hindistanın ixrac payı cəmi 1 faiz təşkil edir.

Ukrayna istehsalda ilk 15-liyə aid olsa da, 7-8 faiz taxıl ixrac edirdi. Dünya bazarlarına ixrac olunan qarğıdalı və günəbaxan yağlarının demək olar ki, yarısı Ukraynanın payına düşürdü, indi bunu əvəz etmək çox çətindir. Bu baxımdan Ukrayna taxıl və duru yağ istehsalında önəmli ölkə hesab olunur.

Ölkə eyni zamanda şəkər məhsulları da ixrac edirdi. Ukrayna daxili tələbatını ödəyib ixrac edirdi, indi əhalisi Avropa məhsullarının istehlakçısına çevrilib. Ölkədə fəaliyyət göstərən logistika mərkəzləri də müharibə səbəbindən işlərini dayandırıb.

Ukraynanın dünya bazarından çıxması qiymətlərin artmasına təsir edən bir səbəbdir. Təhlükəlilik səviyyəsi artdığına görə Qara dəniz üzərindən gedən ticarət də dayanıb. Yüklərin daşınma istiqaməti dəyişib, məsafələr uzanıb, üstəlik ölkələr bir-birinə daşıma sanksiyaları qoyub. Bütün bunlar nəticədə avtomatik olaraq logistika xərclərinin artmasına səbəb olub. Ukrayna daşınan hansısa bir məhsulun istehsalı üzrə aparıcı olmasa da, daşıma xərclərinin artması ümumi məhsulların qiymətini artırıb”.

Dünyada aclıq gözlənilir

Analitikin qənaətincə, Ukraynanın və Qara dənizin dünya ticarətindən çıxmasının Afrika İttifaqı ölkələri üçün riski var: “Demək olar ki, İttifaqa üzv ölkələr ərzaq məhsullarının 50-60 faizini Ukraynadan təmin edirdilər. Ancaq dünya üçün ciddi bir problemin olacağını düşünmürəm. Hesab edirəm ki, qıtlıqdan çox, bahalaşma olacaq. Təbii ki, ərzaq almağa pul olmayanda yenə də ərzaq qıtlığı baş verir. Məhsul var, ancaq bahadır, istehlakçının da pulu yoxdur, alıb yeyə bilmir. Nəticə eynidir. Bahalaşma qıtlıq yaradacaq”.

Azərbaycana gəlincə, iqtisadçı qeyd edib ki, bir sıra əsas ərzaq mallarının ölkədən aparılmasına dair Nazirlər Kabinetinin imzaladığı qərar bu ilin dekabrın 31-dək qüvvədədir: “Siyahıya 28 adda mal daxildir. Bu məhsulları ixrac etmək üçün İqtisadiyyat Nazirliyindən icazə almaq lazımdır. Hazırda ət və ət, quşçuluq, taxıl, şəkər və yağ kimi strateji məhsulların ölkədən ixracı nəzarət altındadır”.


Müəllif: Yeganə Oqtayqızı