Avropanın Rusiyaya tətbiq etdiyi embarqoya görə bir çox Avropa İttifaqı (Aİ) şirkəti Türkiyə üzərindən Rusiyaya məhsul satmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bunu İstanbul Qara və Əlvan Metallar İxracatçıları Birliyinin (İDDMİB) sədri Çətin Tecdelioğlu açıqlayıb.
O, Avropa ölkələrinin Rusiyaya tətbiq etdiyi embarqonun Türkiyə üçün yeni fürsət yaratdığını deyib: “Rusiyanın idxalına və ona embarqo tətbiq edən ölkələrə dair cədvəllərə baxanda, Rusiyada türk məhsullarına ciddi tələbat olduğunu görürük. Almaniyadan, İtaliyadan, Fransadan ala bilmədiklərini bizdən alırlar. Bir çox Aİ şirkəti Türkiyədən anbar və körpü kimi istifadə etmək, ruslar isə qaynaq almaq istəyirlər. Bu, Türkiyə sənayesi və ixracatı üçün tarixi bir fürsətdir”.
Çətin Tecdelioğlu müharibələri heç bir şəkildə bəyənmədiyini vurğulayaraq bəzi fürsətlərdən də danışıb: “Rusiya ilə yanaşı, Tayvan-Çin böhranı ilə bağlı da ciddi araşdırmalar aparırıq. Çinin Tayvanı manevr məqsədi ilə blokadaya aldığı günlərdən keçirik. Bu vəziyyət dünyada avtomobil, maşınqayırma və bəyaz əşya kimi əsas sektorlarını qorxutdu. Çindən və Uzaq Şərqdən asılı olan Avropa ciddi şəkildə alternativ ölkə tapmalıdır. Burada da Türkiyə üçün mühüm imkanlar yarana bilər. Biz bəzi fürsət siqnalları alırıq”.