19 May 2015 21:23
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının rəhbərliyi ilə geniş nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri başlayıb.

Komitənin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, səfərin məqsədi Çinin qiymətli kağızlar bazarı ilə yaxından tanış olmaq, bu ölkənin müvafiq qurumları ilə məlumat mübadiləsinin artırılmasını təmin etmək və əməkdaşlıq çərçivəsini genişləndirməkdən ibarətdir.

Səfər çərçivəsində QKDK sədri Rüfət Aslanlı ilə Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyasının sədri Siao Qan arasında görüş baş tutub. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daim inkişaf etdiyi, maliyyə sektorunun əsas sahəsi olan qiymətli kağızlar sferasının qarşılıqlı əməkdaşlığa töhfəsini verdiyi diqqətə çatdırılıb. Rüfət Aslanlı Azərbaycanda beynəlxalq standartlara uyğun, beynəlxalq kapital bazarlarına inteqrasiya olunmuş qiymətli kağızlar bazarının formalaşdığını və bu sahədə aparılan islahatlar sayəsində son illərdə uğurlu nəticələr əldə olunduğunu bildirib. Komitə sədri Çinlə ikitərəfli əlaqələrin gücləndirilməsi, maliyyə bazarlarına səmərəli nəzarət sisteminin təşkili və bu bazarlara dair effektiv məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyası ilə Anlaşma Memorandumunun imzalanmasının vacibliyini vurğulayıb.

Daha sonra Rüfət Aslanlı və Siao Qan qiymətli kağızlar və fyuçers bazarlarının tənzimlənməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.

Bu Memorandumun məqsədi kommunikasiya üçün imkanlar da daxil olmaqla, əməkdaşlıq üçün çərçivəni, qarşılıqlı anlaşma, həmçinin tənzimləyici və texniki məlumat mübadiləsini gücləndirməklə, investorların müdafiəsini və qiymətli kağızlar, fyuçers və digər müvafiq investisiya alətləri bazarlarının bütövlüyünü təşviq etməkdən ibarətdir.

Səfər çərçivəsində Çinin aparıcı fond birjasının rəhbərliyi ilə görüş keçirilmiş və qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər