Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Gürcüstan Maliyyə Nazirliyi Gömrük Departamentinin rəisi Vladimer Xundadzeni və Beynəlxalq Əlaqələr Departamentinin rəisi Samson Uridianı qəbul edib.
DGK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Aydın Əliyev tarixi köklərə əsaslanan Azərbaycan-Gürcüstan əlaqələrinin hazırkı durumundan məmnunluqla söhbət açıb.
Regionda həyata keçirilən irimiqyaslı layihələrin gerçəkləşməsinin xalqlarımızın firavan gələcəyinə yönəldiyini, Azərbaycan Gürcüstan əlaqələrinin daha da dərinləşməsinə bir töhfə olduğunu vurğulayan komitə sədri iqtisadi-ticari münasibətlərdən də söhbət açıb. O qeyd edib ki, iki qonşu ölkə arasında müsbət məcrada inkişaf edən əlaqələrin davamlılığını təmin etmək üçün birgə əməkdaşlığımızı daha da gücləndirməlidir.
İki ölkənin gömrük xidmətləri arasında mövcud əməkdaşlığı müsbət qiymətləndirən DGK sədri qarşılıqlı təcrübə mübadiləsinin, qaçaqmalçılıqla mübarizədə birgə əməkdaşlığın, sərhəd-gömrük buraxılış məntəqələrində vətəndaşların rahat gediş-gəlişinə mane ola biləcək problemlərin yerindəcə həll edilməsinin zəruriliyini diqqətə çatdırıb, gələcək perspektivlərdən bəhs edib.
Vladimer Xundadze ilk öncə Bakıda keçirilən GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 22-ci iclasının yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarına minnətdarlığını bildirib, Azərbaycana uğurlu səfərindən razılıqla söhbət açıb, respublikamızda sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını diqqətə çatdırıb. Ölkələr arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən qonaq, iqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib, iki ölkənin uyğun qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb, təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.
DGK-nın sədr müavinləri Əsgər Abdullayev və Şahin Bağırovun da iştirak etdiyi görüşdə iki ölkə arasında mövcud sərhəd-gömrük buraxılış məntəqələrində işlərin intensivləşdirilməsi, yeni sərhəd-gömrük buraxılış məntəqələrinin açılması, qaçaqmalçılığa qarşı birgə mübarizə, ölkəmizdə keçiriləcək PİCARD konfransında Gürcüstan tərəfinin iştirakı və bir sıra digər məsələlər barəsində ətraflı flkir mübadiləsi aparılıb.
Naibə QURBANOVA