Ondan hələlik saxtakarlar yararlanır
Dünya əhalisinin ekoloji baxımdan təmiz ərzağa ehtiyacı gün-gündən artır. Bu səbəbdən “ekoloji təmiz məhsul” ifadəsi bəlkə dövrün ən çox işlənən sözlərinə çevrilib. Amma Yer üzündə ekoloji vəziyyət gərginləşdikcə, iqlim dəyişmələri, hava, torpaq, su çirklənməsi artdıqca, ekoloji baxımdan təmiz kənd təsərrüfatı məhsulunu yetişdirmək müşkülü də aşılmaz olur.
Ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləmək məqsədilə Azərbaycanda 2008-ci ildə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanun, sonralar isə bir sıra normativ hüquqi aktlar qəbul edildi.
Torpaq, su, əkin materialı ekoloji cəhətdən təmiz olmalıdır
Nazirlər Kabinetinin “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları”nda, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısında göstərilir ki, təsərrüfat subyektinin malik olduğu torpaq, su, əkin materialı və digər vasitələr ekoloji cəhətdən təmiz və təhlükəsiz olmalıdır.
Ekoloji təmiz məhsul istehsalı zamanı yalnız beynəlxalq və milli standartlarda icazə verilən təbii qida əlavələrindən istifadə olunmalı, sanitariya-gigiyena qaydalarına ciddi riayət edilməli, “torpaqdan süfrəyə” prinsipi əsas götürülməlidir.
Qaydalarda göstərilir ki, torpağın strukturunun saxlanması və təbii münbitliyinin artırılması üçün kimyəvi-sintetik (süni) maddələrdən istifadə edilmədən ekoloji üsullarla tənzimlənməli, bitkilərin xəstəlik, zərərverici və alaq otlarından mühafizəsində yalnız aqrotexniki, bitkiçilikdə və heyvandarlıqda quraqlığa, xəstəliklərə, zərərvericilərə və digər amillərə davamlı, yerli şəraitə uyğunlaşmış sortlar və cinslərdən istifadə olunmalıdır.
Xəstəliklər zamanı baytar mütəxəssisləri tərəfindən kimyəvi preparatlardan və antibiotiklərdən mümkün qədər az istifadə edilməli, təbii müalicə üsulları olan fizio və fitoterapevtik vasitələrə, eləcə də ənənəvi müalicələrə üstünlük verilməlidir. Əgər yuxarıda göstərilən müalicə vasitələri effektiv olmazsa, onda baytar həkiminin nəzarəti altında kimyaterapevtik vasitələrin və antibiotiklərin tətbiqinə icazə verilir.
Məhsuldarlığı artıran yemdən istifadə qadağandır
Yemlərə əlavə edilmiş sintetik boy stimulyatorlarının, məhsuldarlığı artıran və ya təbii inkişafın qarşısını alan sintetik maddələrin yem istehsalında və yemləmə məqsədi ilə istifadəsinə yol verilməməli, heyvanların müalicəsi və heyvandarlıq müəssisələrinin dezinfeksiyası mövcud qanunvericiliyə uyğun təşkil edilməlidir.
İstifadəsinə icazə verilən mineral mənşəli qida maddələri, yemlər, mikro-elementlər, vitaminlər və ya provitaminlər ancaq təbii olduqda istifadə edilə bilər.
İstifadəsinə icazə verilən heyvan mənşəli yem materiallarına süd və süd məhsulları, balıq, digər dəniz heyvanları və onlardan alınan məhsullar istisna olmaqla, heyvan mənşəli yemlər daxil edilməməlidir.
Heyvanların qidalandırılmasında istifadə olunan bəzi maddələr və qidalarda istifadə olunan qida əlavələrinə mikroelementlər, vitaminlər, provitaminlər, oxşar təsirlərə malik kimyəvi cəhətdən yaxşı müəyyən olunmuş maddələr, fermentlər, mikroorqanizmlər, qoruyucular daxildir.
Heyvan mənşəli qan, dırnaq, buynuz, sümük, dəri, tük unları...
Ekoloji təmiz məhsulun yetişdirilməsi məqsədi ilə torpağın gübrələnməsi və yaxşılaşdırılması üçün istifadə olunan maddələr sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməlidir. Gübrəyə təsərrüfatyanı peyin, torf, gil, taxta kəpəyi, ağac külü, tərəvəz tullantılarının kompostlaşdırılmış və ya fermentləşdirilmiş qarışığı, heyvan mənşəli qan, dırnaq, buynuz, sümük, balıq, ət, dəri və tük unları, süd məhsulları, dəniz yosunları və onlardan alınan məhsullar, qurdların və həşəratların ekskrementləri, distillə qazanının dibində qalan tullantılar və sair daxildir.
“Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi qaydaları”nda göstərilir ki, əsas məqsəd bu sahədə səmərəli və effektiv təbiət qoruyucu texnologiyaların və elmi təminatlı innovasiya siyasətinin tətbiqinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlığı və onların idarə olunması, istehsal texnologiyalarının elmi əsaslarla öyrənilməsi və tətbiqi, ekoloji təmiz məhsulların tədarükü, emalı, saxlanması texnologiyalarının və metodikalarının işlənməsi və istehsalata tətbiqi, habelə istehsalçılara elmi-praktiki köməkliyin göstərilməsi, birgə layihələrin yerinə yetirilməsi, maarifləndirmə və informasiya yayımı sahəsində işlərin müəyyənləşdirilməsindən ibarətdir.
Çox bahalı proses olduğuna görə...
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov bildirir ki, ekoloji təmiz məhsul istehsalı bütün dünyada çox bahalı proses olduğu üçün geniş tətbiqini tapmayıb. Azərbaycanda isə məsələ ilə bağlı müvafiq qanun və qaydalar müəyyənləşsə də, belə bahalı məhsulun faktiki istehsalı hələlik mümkün olmayıb: “Ekoloji təmiz məhsul əsasən Amerikada becərilir, qismən də Avropada. Dünyada ekoloji təmiz məhsulun öz standartları var. Torpaq, hava, su öncədən analiz edilməli, yetişdirilən məhsul ən yüksək standartlara cavab verməlidir.
Belə məhsulun maya dəyəri yüksək olur deyə bazarı olduqca kiçikdir. Bu gün Avropa ölkələrində, Amerikada ekoloji baxımdan təmiz marka olmayan məhsullar belə istehsal edilməzdən öncə torpaq, hava, su analiz olunur. Məhsulun keyfiyyəti və məhsuldarlığı bu 3 əsas göstəricinin tələblərinə uyğun olaraq planlaşdırılır. Azərbaycanda hansısa beynəlxalq təşkilatlar vasitəsilə sahibkarları maarifləndirmə üçün müəyyən layihələr həyata keçirildi. Praktiki olaraq bundan əlavə heç bir iş görülməyib".
Vahid Məhərrəmov deyir ki, “ekoloji təmiz məhsul” adından istifadə edib, ənənəvi üsullarla istehsal edilmiş məhsulları istehlakçıya sırıma hallarına da təsadüf edilir: “Bu cür saxtakarlıqlara Rusiya bazarlarında da rast gəlinir. Sadəcə, ”ekoloji təmiz məhsul" sözü bir dəb halını alıb. Halbuki bu məhsulların qablaşdırılması, markalanması, saxlanması və dövriyyəsi qaydaları da mövcuddur.
Müəyyən edilmiş tələblərə cavab verən məhsulların əksəriyyətinin üzərində ekoloji təmiz məhsul olması barədə xəbərdarlığın yazılmaması, digər tərəfdən daha çox gəlir əldə etmək məqsədilə məhsulların üzərinə saxta “ekoloji təmiz” etiketinin vurulması istehlakçıların aldadılmasına gətirib çıxarır".
Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı məhsulunu yetişdirmək üçün əlverişli şəraiti yaratmağın mümkün olduğunu bildirən ekspert dedi ki, bu bahalı prosesin reallaşması üçün öncə torpaq və suyun keyfiyyəti yüksəldilməlidir.
Sevil Hilalqızı