4 Dekabr 2015 18:19
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin noyabrında Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatları oktyabrla müqayisədə 589 milyon dollar (8,62 faiz) - 6 245,6 milyon dollaradək azalıb. Bu barədə AMB-nin statistik məlumatında deyilir. 2015-ci ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 7 512,7 milyon dollar (54,6 faiz) azalıb. Valyuta ehiyatlarının azalması ötən ilin iyul ayından müşahidə edilir.

Ekspertlər bildirir ki, bununla Mərkəzi Bankın ehtiyatlarının həcmi 2010-cu ilin həddinə düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə itkilər 8.7 milyard dollar təşkil edir.

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının kəskin şəkildə azalması nə ilə nəticələnə bilər?
Ekspertlər hesab edir ki, noyabr ayında dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilib ki, bu da birmənalı şəkildə Mərkəzi Bankının valyuta ehtiyatlarına təsir göstərib. Belə bir məqamda növbəti dəfə devalvasiyanın qaçılmaz olduğu vurğulanır.

İqtisadçı Vüqar Bayramov deyir ki, noyabr ayında dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilib, bu da birmənalı şəkildə Mərkəzi Bankının valyuta ehtiyatlarına təsir göstərir: “Dollara tələbat artdıqca, Mərkəzi Bankın intervensiya xərci də artır. Mərkəzi Bank intervensiya etməsə, qara bazar formalaşa bilər və bu zaman qara bazarda dollar daha baha qiymətə təklif edilə bilər. Bu baxımdan azalma gözlənilən idi. Dollar dünya bazarında möhkəmləndikcə, Mərkəzi Bankın valyutasında azalmalar müşahidə ediləcək. Bu, təbii ki, arzuolunan hal deyil. Manatın məzənnəsinin qorunub saxlanması baxımından Mərkəzi Bankın valyuta ehtiyatları çox vacibdir. Valyuta ehtiyatlarının azalması Mərkəzi Bankın intervensiya imkanlarını məhdudlaşdırır”.

Vüqar Bayramov hesab edir ki, belə olan halda Mərkəzi Bank üzən valyutaya keçidlə bağlı işlərini sürətləndirəcək: “Qonşu ölkələrin hamısı üzən valyuta rejimini tətbiq edir. Əksər MDB ölkələrində birbaşa tənzimlənən valyuta rejimi istifadə edilmir. Güman edilir ki, Mərkəzi Bank üzən valyuta rejiminə keçəcək.

Üzən valyuta rejiminə keçid 2016-cı ildə baş verə bilər. Bu zaman manatın məzənnəsində ilkin olaraq psixoloji azalmalar müşahidə ediləcək. Çünki üzən valyuta rejiminə keçən bütün ölkələrdə milli valyutaların məzənnəsində ilk olaraq 20 faizə yaxın azalma qeydə alınır. Daha sonra manatın məzənnəsinin stabilləşməsi və Mərkəzi Bankın intervensiyasının saxlanılması müşahidə olunacaq. Bu, imkan verəcək ki, Mərkəzi Bank valyuta ehtiyatlarındakı azalmanı qoruyub saxlaya bilsin.

Valyuta ehtiyatlarının 6 milyard dollara yaxınlaşması üzən valyutaya keçidlə bağlı bir siqnaldır. Üzən valyutaya keçid manatın məzənnəsinin bazar tərəfindən müəyyənləşdirilməsinə gətirib çıxaracaq. Eyni zamanda Mərkəzi Bank müdaxilə edərək məzənnəni stabil saxlamağa çalışacaq. Bütün hallarda üzən valyuta rejiminə keçid manatın yeni məzənnəsinin müəyyənləşidirlməsinə səbəb olacaq”.

Bu proses isə təbii olaraq dollarla kredit götürənlərin ödəmə qabiliyyətinə təsir edəcək ki, Vüqar Bayramov vəziyyətdən çıxış yollarını belə şərh edir: “Manatın məzənnəsində dəyişiklik olacağı təqdirdə Mərkəzi Bankın kredit götürənlər üçün xüsusi güzəştlər tətbiq etməsinə ehtiyac var. Bu gün dollarla verilən kreditlər prakik olaraq 24-25 faizdən aşağı deyil. Odur ki, manatın məzənnəsində dəyişiklik olarsa, Mərkəzi Bank dollarla kredit götürənlərin ödəmə qabiliyyətinə mənfi təsirin qarşısını almaq üçün dollarla götürülən kreditlərin faiz dərəcələri barədə qərar verməlidir. Bunun üçün üçün kommersiya banklarına tövsiyə xarakterli limitlər verə bilər.

Bu baxımdan məzənnədə dəyişiklik olarsa Mərkəzi Bank birmənalı şəkildə dollarla kredit götürənlərin ödəmə qabiliyyətini nəzərə alaraq onların xərclərini kompensasiya etməlidir. Yalnız bu zaman kreditlərin vaxtında ödənilməsini təmin etmək olar”.

Faizlərin aşağı salınacağı təqdirdə bankların vəziyyətinin necə olacağını şərh edən iqtisadçı deyir ki, bu o qədər də mürəkkəb proses deyil və reallaşması mümkündür: “Əgər Mərkəzi Bank tövsiyə edərsə, faiz dərəcələrini aşağı salmaqla əhalinin ödəməm qabiliyyətini artırmaq olar. Bankların faiz dərərcləri yüksək olsa da, faizləri aşağı salmaqda maraqlı görünmürlər.

Amma bankların dollarla götürülən kreditləri illik 8 faizədək aşağı salmaq imkanı var. Düzdür bu, kommersiya banklarının gəlirlərininin aşağı düşməsinə təsir edə bilər, amma onların fəaliyyətinə ciddi təsir edə bilməz. Manatla olan kreditlərin isə depozit faizi yüksək olduğu üçün 15 faizədək aşağı salma imkanı var”.

Bütün bu deyilənlər proqnozlardır. Mərkəzi Bankın hansı addım atacağı isə hələ qeyri-müəyyəndir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər