Hesablama Palatasının növbəti kollegiya iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında hesabat”ı geniş müzakirə olunub.
Teleqraf.com-un məlumatına görə, iclasda Hesablama Palatasının 2015-ci il üçün iş planına əsasən həyata keçirilmiş maliyyə nəzarəti tədbirləri və cari fəaliyyəti, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondların (təsisatların) gəlir və xərcləri üzrə həyata keçirilmiş audit tədbirləri və analitik işlər, maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə aparılmış təhlillər əsasında müəyyən edilmiş nöqsanlar, eləcə də büdcə prosesinin təkmilləşdirilməsi ilə bağlı təqdim edilmiş təkliflər barədə ətraflı məlumat verilib.
İclasda eyni zamanda Hesablama Palatasının korrupsiyaya qarşı həyata keçirdiyi tədbirlər, həmçinin beynəlxalq və inzibati fəaliyyəti istiqamətində görülmüş işlər üzrə məlumatların hesabatda əks olunduğu qeyd edilib.
Müzakirələrin sonunda “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında Hesabat”ı təsdiq edilib və Milli Məclisdə müzakirə üçün təqdim olunması qərara alınıb.
Hesablama Palatasının Kollegiyası 2016-cı ilin iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramlarını təsdiq edib, cari məsələlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib.
Naibə QURBANOVA