Teleqraf.com “Varislər” layihəsində Kazım Qarabəkir paşanın qızı Timsal Qarabəkirlə müsahibənin davamını təqdim edir:
- Ənvər paşanın ölümündən sonra onun əleyhinə yazılar, kitablar yazdılar. Qarabəkir paşa da belə aqibətlə üzləşdimi?
- Çox yazıldı. Məsələn, mən məktəbə gedirdim, Atatürk artıq həyatda yox idi. Bir məşhur şəkil var, Atatürk anasının məzarı başında dua edir. Fotoda Atatürkün yanında Feyzi Çakmak paşa, Kazım Qarabəkir paşa da var. Bizə keçirilən tarix dərsliyində verilmiş həmin fotoda Qarabəkir paşanın yerində bir çinar ağacı ucalır. Bu cür şeylər çox etdilər. İndi də tərsini etməyə çalışan insanlar var. Bu da bizi narahat edir... Qurtuluş savaşının baş qəhrəmanları kimi əsas 2 adam var idi: Mustafa Kamal paşa və Kazım Qarabəkir paşa. Bunların sayəsində Türkiyə Cümhuriyyəti quruldu. Bu gün bəziləri deyir ki, Kazım Qarabəkir paşa xilafətin ləğv edilməsinə qarşı idi. Xeyr. Qarabəkir paşa deyirdi ki, xilafətin qaldırılmasına qarşı deyiləm, zamanlamasına qarşıyam, tam Mosulu almaq üzrə idik. Həmin vaxt xəlifə olsaydı, daha qüvvətli olacaqdıq. Yəni, Qarabəkir paşanın fikirlərindən bəzi sözləri ayıraraq xəta etmiş olurlar. Bir insan tarixlə məşğul olursa, bütün bəlgələrə göz yetirib ona uyğun olaraq yazmalıdır.
Bu gün də eyni şeyi edirlər. Bu iki şəxsiyyəti üz-üzə gətirir, onları savaşdırırlar. Bəli, onlar arasında müəyyən problemlər olub, amma bunu yazarkən toplumu da ikiyə bölməyə çalışırlar. Halbuki, tarix birləşdirici olmalıdır. İnsanlar rahat şəkildə oturub deyirlər ki, İsmət paşa Lozannada filan şeyi niyə eləmədi? Paşanı qaralamaq üçün belə edirlər. Sən bir İsmət paşa ola bilərsənmi, bunu düşün, sonra danış. İsmət paşa Lozannada nə etmişdi? Təsəvvür edin ki, bir ev alırsınız, amma sənədləri yoxdur. İsmət paşa Lozannada o “evi” sənədləşdirdi.
- Qarabəkir paşa və Naxçıvan məsələsi ortaq tariximiz üçün çox mühümdür. Bir də Sizin dilinizdən o hadisələrə işıq salmaq istərdik.
- Bu məsələyə keçmədən öncə bir kitab göstərim. “Aras şahiddir” kitabını yazan Lətif Hüseynzadə bu yaxınlarda 110 yaşında vəfat etdi. Lətif bəy Hüseyn Cavidin tələbəsi olub. Atam xatirələrində yazır ki, albay rütbəsi ilə Anadoluya gəldiyi zaman ermənilərin etdiyi zülmləri görür. Hər tərəf yandırılıb, dağıdılıb. Ondan sonra paşa Ərzincan, Ərzurum, Sarıqamış, Qars və ondan o yana qurtardığı yerlər haqqında yazır. Qarsdan o yana dediyi Naxçıvandır. Ora da bizim canımızdır. Kazım Qarabəkir paşa Naxçıvana getdiyi zaman ordunu təşkilatlandırır, məktəb, teatr açır və Hüseyn Cavid bəylə çox yaxşı dost olur, ona şeir yazır. Halbuki, əsas şair Cavid idi. Eyni ildə doğulublar, ikisinin də anasının adı Həvva olub. Hüseyn Cavid “Türkəm” dediyi üçün sonralar Sibirə sürgün edilir, çox iztirablar çəkir. Cavidin tələbəsi olan Lətif Hüseynzadə atamın da tələbəsi olur. “Türk yılmaz” marşını paşa bizə öyrətdi deyə yazır. Yəni, Lətif bəy xatirələrini çox gözəl şəkildə yazıb. Bu kitabı sənə hədiyyə edəcəm. Azərbaycan və Türkiyə birliyin nə demək olduğunun digər türk respublikaları ilə müqayisədə daha çox fərqindədir. Bütün dünya türkün gücündən qorxur. Bizi ayırmaq üçün hər cür cəhdi edirlər, amma Allaha şükür ki, can candan qopmaz.
- Naxçıvanda atanızın adına olan məscidin açılışı oldu və Siz də oraya getdiniz. Həmin hadisə ilə bağlı xatirələrinizi dinləmək xoş olardı.
- (Kitabda yayımlanmış bir foto göstərir) Bu, həmin açılışda mərhum Heydər Əliyevlə birgə olan fotomdur. Bu isə az öncə danışdığım Lətif bəydir. Lətif bəy mənə dedi ki, paşanın oğlu varmı? Dedim, yox əfəndim, üç bacıyıq. Olsun dedi, aslanın erkəyi dişisi olmaz. (gülür). Bu, həyatımda aldığım ən gözəl iltifat idi. Naxçıvanda çox oldum. Ötən yay aylarında Naxçıvandakı baş konsulumuz gözəl bir konfrans salonunu Kazım Qarabəkir adı ilə açılışını etdi. Oraya getdik. Hüseyn Cavidlə bağlı vəqfin başqanı Sevda xanım Qarabəkir paşanın adına olan məsciddə dua etdi. İl yarım öncə mən bir qolumu itirdim. (Oğlunun ölümünü nəzərdə tutur – D.Ə.) Bakıya da bir neçə dəfə getdik. Bir dəfə də qızımla birlikdə getdik. Amma qohumumuz vəfat etdiyi üçün geri döndük. Qızımdan soruşanda deyir ki, məni Bakıya apardılar, amma Xəzəri görmədən geri gətirdilər. (gülür). Bu yay yəqin ki, gələcəyəm.
- Atanız haqqında kitab yazmağı düşündünüzmü?
- Yox. Atam özü haqqında o qədər yazıb ki, ehtiyac olmadı. Atamdan sonra olanlar haqqında, bəlkə, xatirələrimi yazaram. Amma atam haqqımda yazmaq həddim deyil. Atamın gündəlikləri var. Deyəsən, hərbi liseydə təhsilin bir parçası kimi gündəlik tutmaq məcburi olub. Əli Fuad paşanın, İsmət paşanın, Rauf Orbay paşanın da gündəliklərinin olduğunu bilirəm. Ən çox kitab yazan, sənədlərə əsaslanan paşa isə məhz Kazım Qarabəkir olub. Bu da bir lütfdür ki, tariximizi bizim üçün yazıb... (Üzərində yazı olan qəhvə fincanını göstərir). Bu fincanda yazılan mənim vəfat edən oğlumun sözləridir: Dərd yoxdur, dərs var.
- Kazım Qarabəkir paşanın üç övladı var. Siz və iki bacınız. Özünüz, bacılarınız haqqında danışmanızı istərdik.
- Atam həyatda olarkən bacılarım məktəbi bitirmişdilər. Sonra onlar Ankaradakı İsmət Paşa Qızlar İnstitutundan məzun oldular. Daha sonra evləndilər, yaxşı ailə həyatları oldu. Birinin yoldaşı təyyarə qəzasında vəfat edən professor Feyzi Feyzioğlu hüquqşünas, qurucu məclis üzvü idi. Digərinin də həyat yoldaşı yenə professor Faruk Özerengin idi. Allah rəhmət eləsin ona. Hazırkı ev muzeyinin olduğu evi təmir edən şəxsdir. İçimizdə köhnə əlifbanı bilən təkcə o var idi. Atamın kitabları ilə ən çox məşğul olan o idi. Atamın oğlu olmasa da, kürəkənləri onun oğlu kimi vəifələrini yerinə yetirdilər. Mən atam vəfat etdiyi zaman məktəbə getmirdim. Atam bir yay günü köşkümüzün baxçasında “Timsal üçün məktəb açıram” deyib, mənə özü dərslər verməyə başlamışdı. 1948-ci ilin sentyabr ayında birinci sinfi oxumadan ikinci sinfə getdim. Erenköydəki Zihni paşa məktəbini bitirdikdən sonra Bəyoğlundakı English High School-dan məzun oldum. Ondan sonra müəyyən kurslar keçdim, amma universitet təhsilim olmadı. Erkən evləndim. Yoldaşımın hərbi xidməti ilə əlaqədar Sivasda olduq. O zamanlar gənc hərbçilər hərbi hissədə olmaq əvəzinə, kəndlərdə müəllimlik edə bilirdilər. Biz də bərabər Sivasın bir kəndində müəllim kimi çalışdıq.
Sabri Koçak paşanın bizi çağırması bu dönəmdə idi. Bir müddət Aydında çiftçiliklə məşğul olduq. Sonra istər məktəblərdə, istərsə də xüsusi olaraq ingiliscə dərsləri verdim. Ardınca bu evin olduğu yerdə tennis kortu açdıq. Gəncləri toplayıb onlara idman dərsləri verirdik. 1979-1996-cı ilə qədər tennis kortu fəaliyyət göstərdi. 1980-ci il anarxist dalğası dönəmində övladlarım və dostları bu fəaliyyətimiz sayəsində xilas ola bildilər. Daha sonra bu ərazidə binalar tikildiyində, Kazım Qarabəkir Kültür Mərkəzini yaratdıq. 2003-cü ildə isə vəqfimiz quruldu. 2005-də də köşkü muzey kimi açdıq.
- Türk gəncliyinin muzeyə marağı hansı səviyyədədir?
- Muzeyə yurd içindən və kənardan gələnlər var. Bu yaxınlarda italiyalı bir xanım gəlmişdi, çox təsirləndiyini söylədi. Təhsil Nazirliyi tərəfindən buranın gəzilməli bir muzey olması barədə məktəblərə məsləhət verilib. Ona görə də məktəblərdən çox gəlirlər. (Söhbət əsnasında evdə Azərbaycan bayrağı görürük, onu daha yaxına çəkirik). Siz gəlmisiniz deyə bayrağı qoymamışam, o evimizdə həmişə var (gülür). Muzeyin önəmi odur ki, mən istiqlal savaşı ilə bağlı üç gün gecə-gündüz danışsam da, oradakı bir bomba parçasının göstərdiyi təsir daha güclü olacaq. Düşünün ki, atam savaş gedə-gedə oradan bəzi şeylər gətirirdi ki, gələcəkdə gənclərə göstərə bilsin. Çünki gənclər keçmişi hiss edə bilmirlər. Günümüzün gəncləri isə internetdə virtual aləmdə yaşayırlar. Dünəni bilməzsən, sabaha haqqın olmaz. Sizə bir sürpriz də deyim. Bir layihəyə başlayırıq. Əgər alınsa, “əmrinizdəyəm, paşam” kompozisiyasını muzeydə silikon heykəllərlə canlandıracağıq.
- Muzeydə maraqlı olan bir məsələ var. Bir tərəfdə hərbçi Qarabəkir paşanın müharibəyə aid xatirələri, digər tərəfdə isə sənətə vurğun Qarabəkirin piano, skripka kimi alətləri...
- Sizə bir foto göstərim. Bu foto bizim ailəni tam izah edə bilir. Atam ən sıxıntılı vaxtlarda belə skripkasını çalardı. Anam isə piano. Bacılarım da onlara qoşulardılar. (Daha sonra ilk yazıda bəhs etdiyimiz kimsəsiz erməni uşaqların Qarabəkir paşaya hədiyyə etdiyi portretin fotosunu göstərir). Bu, çox önəmli bəlgədir. Guya deyirlər ki, türklər erməniləri “soyqırım”a uğratdılar. Halbuki, o, yetim erməni uşaqları himayəsinə götürərək, onlara ayrıca atalıq edib. Həmin erməni uşaqlar da təşəkkür əlaməti olaraq bu portreti hədiyyə ediblər.
- Ananızla Qarabəkir paşa necə tanış olublar?
(davamı var)
P.S. Lətif Hüseynzadə “Araz şahiddir” kitabında Naxçıvanda Kazım Qarabəkir paşanın dilindən həmin şeiri belə təqdim edir:
““Çox sevimli hocam, müəllimim, türk dünyasının ortaq şairi möhtərəm Hüseyn Cavid Rəsizadə bəy əfəndi ilə yaşıd olmağımla qürur duyuram”. Sonra o, bədahətən belə bir şeir söylədi:
Nə qədər xoş təsadüf, necə mutluluq
İkimiz də bir zamanda, bərabər doğduq.
Şeir, sənət dünyasında ikimiz də şair olduq.
Sən ustad bir müəllim, mən də qorxmaz bir əsgər
Bu millətə, bu vətənə qılınc ilə qələm olduq”.
Dilqəm ƏHMƏD
Foto və video: Dilbər Coşqunsoy