Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü münasibətilə təntənəli mərasim keçiriləcək. Milli Kino Günündə dörd gənc rejissorun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə aldığı qısametrajlı filmlərdən ibarət “40-cı paraleldə” kinoalmanaxının təqdimatı baş tutacaq.
Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, kinoalmanaxa “Postskriptum”, “Onun atası”, “Hədiyyə” və “Qara bağ” filmləri daxildir.
“Postskriptum” filminin quruluşçu rejissoru Emin Mirabdullayev, ssenari müəllifləri Ramiz Fətəliyev və Emin Mirabdullayev, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Səid Qəni, icraçı prodüseri Vüsal Abbasovdur. Filmdə baş rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat canlandırıb.
“Onun atası” filminin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqovdur. Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza oynayıb.
“Hədiyyə” filminin quruluşçu rejissoru Emin Əfəndiyev, ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Azər Əsgərov, icraçı prodüseri Vüsal Abbasovdur. Filmdə baş rollarda İlahə Həsənova, Qorqud Cəfərli və Şamil Süleymanlı çəkiliblər.
“Qara bağ” filminin ssenari müəllifi və quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərovdur. Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov canlandırıblar.