Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasova Fuad Poladovun Akademik Dram Teatrını tərk etməsinə sərt reaksiya verib.
Teleqraf.com xəbər verir ki, aktrisa fikirlərini sosial şəbəkədə bölüşüb: “İndi saytlardan Fuad Poladovun teatrdaxili bir münaqişə, həm də bəsit bir münaqişə səbəbindən “Azdrama”dan getdiyini oxuyuram. Dahi, xalqın qəlbində taxt qurmuş bir aktyorun bəsit bir məsələyə görə teatrdan gedişini alqışlayanları başa düşə bilmirəm. Səhnəmiz, teatrımız, tamaşalarımız, tamaşaçılarımız yetim qaldı. Bunu alqışlayırsınız?
Bizim səhnədə necə Fuadımız var? Çoxu dünyasını dəyişdi. Həyatda qalanlar da o qədər azaldı ki…Və ən dəhşətlisi gedənlərin yeri doldurulmadı. Bu gedişatla uzun illər də doldurulmayacağını düşünürəm. Əlimizdə qalan bu nadir aktyor və aktrisaların teatrdan getməsini necə alqışlaya bilirsiniz? Səfurə xanım da, Zərnigar xanım da küsüb getmişdilər. Hər kəs alqışladı. Nəyi alqışlayırsınız? Və neçə gün alqışladınız? Üç gün. Sonra hamısı unuduldu. İndi harda olduqlarını bilən də yoxdur. Hardadılar, nə edirlər?
Səhnəmizin ulduzları əlimizdən tək-tək sürüşüb gedir, siz isə alqışlayırsınız. Soruşuram, nəyi alqışlayırsınız?
Fuad müəllimin qürurunu, mərdliyini alqışlayırsınız? Kim itirir? Yenə biz itirmirikmi? Səhnəmiz itirmirmi? Tamaşaçımız, tamaşaçılarımız itirmirmi? Bunu alqışlayırsınız? Üç gün sonra hər şey unudulacaq, eynilə teatrdan küsüb gedən digər aktyor və aktrisalar kimi…
Azər Paşa Nemətlə Mehdi Məmmədov mənim müəllimim olub. Çox sevdiyim, hörmət etdiyim şəxsiyyətlərdir. Bugünkü uğurlarımın təməlində onlardan öyrəndiklərim var. Fuad müəllimlə də eyni səhnəni paylaşmışam, heyran olduğum aktyordur.
Arada bir inciklik varsa niyə onların arasını düzəltməyə yox, yıxmağa çalışırsınız? Onlar illərin dostudurlar, bu gün küsüb, sabah barışarlar. Fuad müəllimin səhnədən getməsinin heç kimə xeyri yoxdur. Sadəcə, uğrunda teatrı atdığı o gənc aktyora xeyri olar.
Sənət insanları emosional olurlar. Hirslənib ani qərarlar verə bilərlər. Hamının işdə, evdə problemləri ola bilər. Bəyəm işimizi, ailəmizi atıb gedirik?
Özünüzün etməyə qorxduğunuz, cəsarət etmədiyiniz bir şeyi başqasında görüncə, təkrar dönüb özünüzə baxın.
Bir anlıq hirslə getmələrini alqışlamayın. Siz itirirsiniz, bir itiririk, teatr itirir, tamaşaçı itirir!
Fuad müəllim, o çox sevdiyiniz, illərlə əmək verdiyiniz teatrın, tamaşaların, tamaşaçıların sizə ehtiyacı var. Xahiş edirəm, geri dönün, bizi sizsiz qoymayın”.
Nərmin