Əməkdar artist Röya Ayxanın produseri Kənan Bayramov müğənninin Heydər Əliyev Sarayında keçirilən konsertinə mətbuatın buraxılmaması haqda məlumatlara aydınlıq gətirib.
K.Bayramov “Report”a açıqlamasında deyib ki, konsert mətbuat üçün qapalı deyil. Onun sözlərinə görə, Röyanın əvvəlki konsertində mətbuatın iştirakı ilə bağlı bəzi problemlər yaranıb: “Əvvəlki konsertdə saraya qeydiyyatsız daxil olan jurnalistlər tamaşaçıların yerlərində əyləşmişdilər. Bu da problemlər yaratmışdı. Bunun qarşısını almaq üçün bu dəfə akkreditasiyadan keçməyən jurnalistlər konsertə buraxılmayıblar".
Qeyd edək ki, noyabrın 25-də Heydər Əliyev Sarayında R.Ayxanın 3 günlük konsert proqramı başlayıb. Konsert ayın 27-də yekunlaşacaq. Bir qrup jurnalist müğənninin çıxışını izləmək istəsə də, onlar konsertin keçirildiyi məkana buraxılmayıblar.