Müğənni Sevda Sanalıyeva şəxsi həyatı və yaradıcılığı barədə Teleqraf.com-a danışıb. Müsahibəni təqdim edirik.
-Sevda xanım şou-biznesdə əvvəlki kimi fəal deyilsiniz...
-Yeni mahnılar yazdırmışam. Şou-biznesdə durğunluq var, bu, normaldır. Yalnız Azərbaycanda yox, bütün ölkələrdə belədir. Hərdən bəstəkarlar tükənir. Hazırda təqdim etdiyim və edəcəyim yeni mahnılarım var, seviləcəyinə inanıram.
Vaxtımın bir hissəsini evə, uşaqlarıma ayırıram. Övladlarım balacadır. Onları böyütmək mənim təbii borcumdur. Uşaqlar bir az böyüdükdən sonra sənətimə yenə çox vaxt ayıracam. Köməkçim olmasa işə gedə bilmərəm.
-Tort biznesiylə məşğul olmağa başalmısınız. Mağaza açmağı da düşünürsünüzmü?
-Şirniyyat seximiz var, amma hələ mağazamız yoxdur. Mağaza açmaq üçün maddi imkan olmalıdır. Xərcləri çoxdur. İnşallah, gələcəkdə mağaza açmağı fikirləşirik.
-Adətən, məşhurlar daha böyük bizneslə məşğul olurlar...
-Bu haqda heç vaxt düşünməmişdim. Evdə şirniyyat bişirməyi çox sevirəm. Son vaxtlar tanışlar üçün tortlar bişirirdim. Onlar tortun çox dadlı olduğunu dedilər.
Beləliklə, bir köməkçiylə tort bişirməyə başladım. Sonra obyekt götürdük, işimizi biznesə çevirdik. Şükürlər olsun , vəziyyət yaxşıdır.
-Sosial şəbəkədə tez-tez həyat yoldaşınız və övladlarınızın fotosunu paylaşırsınız. Ümumiyyətlə, özünüzü qadın kimi necə xarakterizə edərsiniz?
-Öncə onu deyim ki, xoşbəxt qadınam. Həyatımda çox sevdiyim həyat yoldaşım, övladım, ailəmdə mehribançılıq var. Qadına bundan başqa nə lazımdır? Həyat yoldaşım məni başa düşən, qayğıkeş və diqqətcil insandır. Hər zaman mənə kömək edib və arxamda dayanıb. Çox şükür ki, xoşbəxtəm. Allah bədnəzərdən qorusun. Allah bütün balaları xoşbəxt etsin. Bütün xanımlar xoşbəxtliyə layiqdirlər.
-İkinci nikahınızı ilk günlər gizli saxladınız...
-Əksinə, ilk evliliyimi gizli saxladım. İkinci nikahımı heç zaman gizlətmədim. İlk gündən sosial şəbəkədə toy şəkillərimi paylaşdım. Gizli saxlasaydım, fotoları paylaşmazdım. Sadəcə bu haqda sual verən yox idi. Sonra özüm danışmağa başladım...
-Həyat yoldaşınız dövlət işində çalışır?
- Bəli. Amma işindən çox danışmaq istəmirəm. Çünki şou-biznes adamı deyil.
-İlk nikahınız uğurlu alınmadı. İkinci evliliyinizi qorumaq üçün nələr edirsiniz?
-Ailəmi qorumaq üçün həyat yoldaşımın istəmədiyi hərəkətlərdən çəkinirəm. Onun istədiyi kimi geyinməyə çalışıram. Danışığıma diqqət yetirirəm, qısqandırmamağa çalışıram. O, ağır xasiyyəti sevir və xanımından da onu gözləyir.
-Bir müddət əvvəl sizi sosial şəbəkədə tənqid edənləri məhkəməyə verəcəyinizi qeyd etmişdiniz...
-Artıq məhkəməyə müraciət etmişəm. Bu haqda çox məlumat vermədim. Çünki problemi çox qabardıb, həyat yoldaşımı, yaxınlarımı, sevənlərimi kədərləndirmək istəmirəm. Amma təhqir edilənlər məhkəməyə verilmədilirlər ki, bir daha bunu təkrar etməsinlər. Böhtan atan insana cavabı verilməlidir. Axı, mən onların dediyi kimi insan deyiləm.
- Məhkəməyə verilənlər yalnız sosial şəbəkə istifadəçiləridir?
- Bəli, yalnız sosial şəbəkə istifadəçiləri...
-Bir müddət əvvəl həyat yoldaşınız Cəmilin keçmiş qayınanası sizin haqqınızda tənqidi fikirlər səsləndirərək qızının ailəsini dağıtmaqda sizi günahlandırmışdı. Onu da məhkəməyə verməyi düşünürdünüz?
- Xeyr, onun sözlərini ciddi qəbul etmədik. Normal fikirlər deyildi. Çünki mən də boşanmış xanımam. Aliə qurduqdan bir ay sonra həyat yoldaşımdan qarşılıqlı razılaşma ilə boşandım. O zaman mən də onu məhkəməyə verim ki, niyə boşadın?
Yaxud boşandığım insan ailə quran zaman yaxınlarım onu biabır etsin ki, niyə evləndin? Həyat yoldaşım o xanımdan ayrılıb, mənimlə evlənib. Evlilik kimi boşanmaq da normaldır.
Təbii ki, Allah heç kimə qismət eləməsin. Heç bir xanım boşanmaq üçün ailə qurmur. Mən boşanmışam, heç kimi də məhkəməyə vermirəm. Boşandığım insanın həyatında min xanım da olsa məni maraqlandırmaz. Nəyimə lazımdır?
Həmin xanım da həyat yoldaşımın keçmiş qaynanasıdır. O söhbətə ciddi baxa bilmədim. Çox güldük. İnsan özünü alçaldır ki, qızımı boşadılar? Ayıbdır axı...
-Cəmil bəylə tanış olduğunuz zaman həyat yoldaşından ayrılmışdı?
-Cəmil bu haqda danışmağımı istəmədiyi üçün susuram. Haqqımızda mənfi fikir bildirənlərə belə, Cəmilə görə cavab vermirəm. Susmağımın yeganə səbəbi Cəmildir.
- Həyat yoldaşınızın ailəsiylə münasibətiniz necədir?
-Yaxşıdır. Mənim ailəm, nəslim həyat yoldaşımdır, həyat yoldaşımın da ailəsi, nəsli mənəm.
-Bir müddət öncə qardaşınızla münasibətiniz yaxşı olmadığı haqqında açıqlama vermişdiniz…
-Qardaşımla münasibətim, həmişə necə olubsa, indi də elədir. Danışırıq, o, mənim qardaşımdır. Axı, doğma bacı-qardaşıq. Küsülü qalmaq nə ona, nə də mənə yaraşar. Hər ailədə söz-söhbətlər olur.
Rəqsanə